Qanlı Yanvar şəhidlərinin xatirəsi dünya ölkələrində anılır – YENİLƏNİR + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Haaqa şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri
keçirilib.
Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutan
tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri və fəalları
iştirak ediblər. Qonaqlar arasında Niderland Yozqatlılar Federasiyasının
rəhbəri Tahsiz Öz, Ərzurumlular Dərnəyinin rəhbərinin müavini Metin Aykut, Türk
Evinin rəhbəri Ramazan Ödek, “Yozqat 66” Dərnəyinin rəhbəri Soydaş Erdinç,
Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədr müavini Nemətağa Əliyev və
başqaları olublar.
Dərnəyin gənclər qanadının fəalı Tuğrahan Aşkın tədbiri açıq elan etdikdən
sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca
Ondört Masumlar Məscidinin imamı Şeyx Mehmet Olqun şəhidlərin əziz ruhlarına
dualar oxuyub.
Tədbir iştirakçılarını salamlayan Niderland Azərbaycan-Türk Mədəniyyət
Dərnəyinin rəhbəri İlhan Aşkın 20 Yanvar faciəsinə gətirib çıxaran siyasi
proseslərdən, 34 il öncə sovet rəhbərliyi və ordusu tərəfindən törədilmiş qanlı
hadisənin Azərbaycanın müstəqilliyi yolunda dönüş nöqtəsinə çevrilməsindən
danışıb.
Sonra tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin I katibi
Səbinə Sadıqlı və Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin Azərbaycan
üzrə rəhbəri Şamil Mustafayev çıxış edərək, silahsız, dinc xalqımızın qorxmaz,
mərdanə davranışına görə 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə təkcə
faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu, gənclərimiz
tərəfindən bu qanlı hadisənin unudulmamasının və gələcək nəsillərə
ötürülməsinin vacibliyini vurğulayıblar. Dünya birliyinin 20 Yanvar kimi
dəhşətli hərbi cinayətə cinayətkarcasına susduğu, faciənin törədilməsindən bir
neçə ay sonra mülki vətəndaşların qətlinə əmr verən Mixail Qorbaçova Nobel Sülh
Mükafatı verildiyi diqqətə çatdırılıb.
Tədbir 20 Yanvar faciəsinin tarixindən bəhs edən videonun nümayişi ilə davam
etdirilib.
09:53
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin növbəti
ildönümü ilə bağlı “1990-cı ilin Qara Yanvarı: Azərbaycanın azadlığa gedən
yolu” adlı anım mərasimi keçirilib. Mərasimdə Los-Ancelesdə fəaliyyət göstərən
xarici ölkələrin baş konsulları, Los-Ancelesdəki konsulluq korpusunun
nümayəndələri, elm və mədəniyyət xadimləri, dost icmaların rəhbərləri və icma
üzvləri, yerli universitetlərin professorları, Azərbaycan icmasının üzvləri və
digərləri iştirak ediblər.
Baş Konsulluqdan “Report”a bildirilib ki, mərasim iştirakçıları faciə
qurbanlarını bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanov çıxış edərək, qanlı 20
Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı sovet qoşunları
tərəfindən çox sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd
edib. Çıxışın ardınca faciə ilə bağlı Baş Konsulluq tərəfindən hazırlanmış qısa
film nümayiş olunub.
Daha sonra Bakıda doğulan məşhur violonçel ifaçısı Ruslan Biryukov çıxış
edərək, Qara Yanvar faciəsi, həmin dövrdə Bakıda yaşayan ailəsi ilə birgə şahid
olduğu hadisələr və baş verənlər barədə acı xatirələrini bölüşüb.
Tədbirin davamında Ruslan Biryukov və pianoçu Valeriya Morqovskayanın ifasında
Fikrət Əmirovun “Poema-monoloq”, Qabriel Furenin “Yuxudan sonra” və Arif
Məlikovun “Məhəbbət əfsanəsi” əsərləri səsləndirilib.
Sonda tədbir iştirakçıları faciəni əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdən sonra qonaqlar üçün ehsan süfrəsi açılıb.
09:33
Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 19-da Azərbaycan
Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində Strasburqda
yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.
Bu barədə “Report”a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən
bildirilib.
Qeyd olunub ki, tədbir iştirakçıları öncə xalqımızın azadlığı uğrunda şəhid
olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik
mübarizəsində 1990-cı il 19-20 yanvar hadisələrinin tutduğu yerdən söz açıb və
Qanlı Yanvarın xalqımızın qəhrəmanlığı və yenilməz iradəsinin rəmzinə
çevrildiyini söyləyib. O, üstündən uzun illər keçməsinə baxmayaraq, sovet
qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğının ağrı-acısının unudulmadığını
və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını ifadə edib.
Daimi nümayəndə həmin günlərdə Azərbaycanın üzləşdiyi informasiya təcridindən
qurtarılmasında ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Moskvada verdiyi
tarixi bəyanatın mühüm təsirini vurğulayıb və onun Sovet İttifaqı rəhbərliyini
qınayan cəsarətli bəyanatının xalqımızın gələcəyə olan inamını gücləndirdiyini
bildirib. Nəhayət, F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və
Ermənistandan azərbaycanlıların güclə qovulması ilə başlayan, 20 yanvar faciəsi
və sonra hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün müzəffər Ali Baş
Komandanİlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və
suverenliyinin tam bərpa olunması ilə sona yetdiyini və millətimizin qarşısında
artıq yeni bir dövrün açıldığını qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan icmasının üzvü Mustafa Alınca
1990-cı il yanvar hadisələrinin ardınca Strasburqdan Azərbaycanın haqq səsinin
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə aparılan
fəaliyyətlərdən bəhs edib və məhz Qanlı Yanvar faciəsinin Azərbaycan icmasının
üzvlərinin təşkilatlanmasını bir zərurət halına çevirdiyini qeyd edib.
Çıxışların ardınca iştirakçılara Azərbaycan televiziyasının istehsalı olan və
Qanlı Yanvardan bəhs edən sənədli film nümayiş etdirilib.