Bakıda əlil sərnişini döyən 162 saylı avtobusun sürücüsünə cəza verilib.
“Qaynarinfo”nun məlumatına görə, hadisə 2024-cü il avqustun 16-da, günorta
saatlarında baş verib.
Belə ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsində V.D. əlilliyi
ilə əlaqədar arxa qapıdan avtobusa minmək istəyib. Zərərçəkmiş şəxs qapının
şüşəsini əli ilə döysə də, avtobusun 1990-cı il təvəllüdlü sürücüsü B.H. onu
açmayıb. Bu səbəbdən əlil sərnişin çətinliklə ön qapıya gələrək sürücüyə
“İnsafın olsun, niyə arxa qapını açmırsan” deyib.
Sürücü əsəbi halda avtobusdan enərək, onu ağız nahiyəsindən vurub. Nəticədə
zərəçəkmiş şəxs yerə yıxılıb, sərnişinlər onu ayağa qaldırıblar. Sərnişinin
şikayəti əsasında sürücü saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci
maddəsi ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə
sürücü günahını boynuna almayıb, zərərçəkmiş isə hakimdən onu bağışlamağı xahiş
edib.
Məhkəmənin qərarı ilə B.H.-ya 10 ay 28 gün müddətinə islah işləri cəzası təyin
edilib.