Qaqaş, mən o qızı “Dating”də görmüşəm

Qaqaş, mən o qızı “Dating”də görmüşəm

Baxış sayı: 2. 384 dəfə baxılıb.

Qaqaş, mən o qızı “Dating”də görmüşəm

Qan Turalı yazır…

İnternet ilk çağlarda elm adamları arasında operativ xəbərləşmə vasitəsi olaraq qurulmuşdu. Lakin bu kəşf sonralar genişlənməyə başladı və qlobal şəbəkə belə yarandı.

Sosial medianın neqativ cəhətləri haqqında bütün dünya alimləri haray salır. Şəksiz ki, müsbət cəhətlər də az deyil. Amma indi başqa şeydən söhbət gedir. Belə ki, “Facebook Dating” tezliklə fəaliyyətə başlayacaq. 

Daha doğrusu, bir neçə ölkədə fəaliyyətə başlayıb, bir müddət sonra isə bütün ölkələrdə aktivləşəcək.

Proqram belə çalışır: Siz əvvəlcə qeydiyyatdan keçir və şəxsi məlumatlarınızı (Ana dili, doğum ili, təhsil, boy, dini inanc, yaşayış yeri və s.) daxil edirsiniz.

Daha sonra isə “Facebook Dating” sizə 20 sual verir. Bu suallarla sistem sizin hansı mahnıları bəyənib, hansı filmləri sevdiyinizi, hansı hobbiləriniz olduğunu öyrənir. Sonra proqram sizə uyğun namizədləri təqdim edir və siz öz potensial partnyorunuzla yazışmağa başlayırsınız.

Qalanı sizə qalıb… 

Mark Zukerberq bu layihəyə “Ancaq ciddi münasibətlər üçün” devizini seçir. On səkkiz yaşdan aşağı olanların sistemə daxil olması qadağandır və ekspertlər bu sistemdən daha çox orta yaşlıların istifadə edəcəyini proqnozlaşdırır.

Proses tamamilə gizli şəkildə aparılacaq. Və sistem sizə bir neçə namizəd təqdim edəcək. “Zaman o zamandır ki” sevgilini də bizim yerimizə Mark qardaş seçir. 

Bu, yadıma ən sevdiyim serialı, “Black Mirror”u (Qara güzgü) salır. Serialın bir bölümündə insanlar əvəzinə sistem ən mükəmməl bir alqoritm hazırlayaraq sevgililəri seçir. Onun seçdiyi sevgilidən başqa heç kimlə görüşə bilməzsən.

Və sistem sevgililər üçün müddət də təyin edir, ancaq bu müddətdə görüşə bilərsiniz və sonra başqa sevgili həyatınıza girəcək. Bölüm də ilk seçkidə bir-birinə vurulan aşiqlərdən bəhs edir, lakin onlar bir müddət sonra ayrılmalıdılar… Süjeti danışıb maraqsızlaşdırmaq istəmirəm, maraqlanan özü baxa bilər.

(Bu əhvalat serialın dördüncü sezonunun dördüncü bölümündə baş verir. Bölümün adı belədir: “Hang the DJ”. İnsan təxəyyülü ilə yaradılan film elə insan əli ilə gerçək olur…

Sevgidə də yeni bir mərhələ başlayır… Tarix boyu əldə etdiyimiz mühüm azadlıqların birini, sevgili seçmə azadlığını da əlimizdən veririk.

Göbəkkəsmə tarixə qarışmamış “Facebook” göbəyimizi kəsməyə hazırlaşır. Ölkəmizdə də, heç şübhəsiz ki, bu sistem fəaliyyətə başlayacaq. Yaranan mənzərəni təsəvvür belə etmək istəmirəm. Çünki “Dating” olmayan vaxt belə bir çox zəhmətkeş sosial şəbəkələri elə bu niyyətlə istifadə edirdi.

İndi isə sırf onların məqsədinə müvafiq bir proqram ortaya çıxacaq. Münasibətlər necə gərginləşə, nə qədər problemlər ortaya çıxa bilər.

Və bir də belə dialoqlar:

“Qaqaş, mən o qızı “Dating”də görmüşəm. Yenə də özün bilərsən”.

“Yaxşı qız “Dating”ə girməz”.

“Səni mən sevmədim ki… “Dating” sevdi”.

Hər halda bizi maraqlı günlər gözləyir…