Qara dənizdə qasırğa: Lövbərdən qopan yük gəmisi saya oturdu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beliz bayrağı altında üzən “Blue Shark” yük gəmisi mühərrikində yaranan
problemə və güclü qasırğaya görə Qara dənizdə, Rusiyanın Anapa şəhəri
yaxınlığında saya oturub.
Bu barədə Rusiya Dəniz Xilasetmə Xidmətinin Baş Xilasetmə Koordinasiya
Mərkəzindən məlumat verib.
Bildirilir ki, gəmidə Suriya, Hindistan və Misir vətəndaşlarından ibarət 21
heyət üzvü var.
“Misir üçün arpa yüklü gəmi Taman (Rusiya) dəniz limanında fırtına
xəbərdarlığı aldıqdan sonra lövbərə keçib. Güclü külək və dalğalar gəmini
lövbərindən qoparıb. Nəticədə “Blue Shark” yük gəmisi saya oturana qədər sahilə
doğru sürüklənib”, – deyə mərkəzdən əlavə edilib.
Qeyd edək ki, hazırda Anapada qasırğalı hava şəraiti hökm sürür. Güclü külək
evlərin damını uçurdub, ağacları qırıb. Əlverişsiz hava səbəbindən şəhərin
məktəblərində və uşaq bağçalarında tətil elan olunub.
Mənbə: RG.ru