“Araz-Naxçıvan”ın yeni transferi Qara Qarayev “Report”a müsahibə verib. O,
kluba keçidindən və transferin necə baş tutmasından danışıb. Azərbaycan
millisinin sabiq üzvü “Qarabağ”da və “Neftçi”də çıxış etdiyi dövrlərdən,
paytaxt təmsilçisinin sabiq baş məşqçisi Roman Qriqorçukla aralarında
yaşananlardan, milli komandadan küsməyinin səbəblərindən və başqa məqamlardan
bəhs edib.
– “Araz-Naxçıvan” klubuna keçidiniz sürpriz oldu. Transfer necə baş tutdu?
– Bu işdə komandanın baş məşqçisi Elmar Baxşıyev və məşqçi Əfran İsmayılovun
böyük rolu oldu. “Neftçi”dən ayrıldıqdan sonra klubsuz idim. Birdən zəng gəldi
və Elmar müəllim söylədi ki, evdə oturmaqdan yorulmadın? Dedi, butslarını da
götür, gəl bizim kluba. Bu danışıqdan səmimilik hiss etdim və çox xoşuma gəldi.
Mənə inam üçün darıxmışdım. Baş məşqçinin özümə güvənimi qaytarması bu işdə
önəmli rol oynadı.
– Klubsuz olarkən sizinlə kim əlaqə saxlayırdı?
– Heç kimlə danışmırdım. Elmar Baxşıyev zəng etdi, onunla danışdım. Ona
təşəkkürümü bildirirəm ki, etimad göstərdi. Bir müddətdən sonra mənə inandı.
“Araz-Naxçıvan”a faydalı olacağımı düşünürəm.
– Komandanın təklif etdiyi maddi şərtlər sizi qane etdi?
– Maddiyyatla bağlı konkret heç bir danışığım olmayıb. Qarşı tərəfə heç bir
tələb irəli sürmədim. Ümumiyyətlə, bu barədə aramızda söhbət olmayıb. Rəhbərlik
və baş məşqçi nə vəd edibsə, diqqətlə baxmadım. İnanın, indiki vəziyyətdə mənim
üçün ən əsas səmimiyyətdir. Çünki futbol oynamağa çox ehtiyacım var. Bu dəqiqə
mənim üçün əsas olan budur. Hazırda futbola olan sevgim puldan daha üstündür.
– Klubsuz qaldığınız müddətdə karyeranızı bitirməyi düşünmüşdünüz?
– Karyeramı başa vurmaq barədə düşüncələrim var idi. Çox götür-qoy edirdim.
Amma qəti fikrim deyildi deyə, gözləyirdim. Elə alındı ki, “Araz-Naxçıvan”dan
təklif aldım. Düşünürəm ki, karyeramı başa vursaydım, özümə qarşı haqsızlıq
etmiş olardım.
– Meydanda əvvəlki Qara Qarayevi görə biləcəyik?
– Elmar müəllimlə danışanda da bildirmişdim ki, mən robot deyiləm ki, eyni
səviyyədə qalam. Düzdür, fərdi olaraq məşqlər edirdim. Baxmayaraq ki,
“Neftçi”nin əvəzedicilərinin heyətində zədə almışdım. Şükürlər olsun ki, artıq
zədəm sağalıb. Tam gücümü ortaya qoyaraq məşqlərə başlamışam. Əvvəlki
oyunlarımı sərgiləyəcəyimə inanıram. İstər fiziki, istərsə də psixoloji
cəhətdən çox şey itirməmişəm. Futbol üçün çox darıxmışam. Bu, gücümə güc
qatacaq. Biz idmançıların əsas düşüncəsi Azərbaycanın adını yüksəklərə
qaldırmaqdır. 18 yaşında olan Qara Qarayev olmasa da, yaxşı formada olan Qaranı
görəcəksiniz.
– “Neftçi”dən ayrıldıqdan sonra adınız bir müddət “Sabah” və “Zirə” klubları
ilə yanaşı hallanmağa başladı. Mətbuatda yazılanlar doğru idi?
– “Zirə” ilə heç bir danışığımız olmamışdı. Hətta komandanın baş məşqçisi
Rəşad Sadıqov da bu barədə mətbuata açıqlama vermişdi. “Sabah”la isə danışıqlar
aparırdım. Müəyyən razılıq əldə olundu, lakin bəzi səbəblərə görə transfer baş
tutmadı. Daha sonra təklifləri gözləməyə başladım.
– “Neftçi”də çıxış edərkən həmin vaxt komandanın baş məşqçisi olan Roman
Qriqorçukla aranızda müəyyən soyuqluq yaranmışdı. Məsələ ilə bağlı nə deyə
bilərsiniz?
– Bu barədə çox danışmaq istəmirəm. Lakin problem Roman Qriqorçukun “Qara
mənim komandama kömək edə biləcək gücdə deyil” deməsi ilə başladı. Futbol
oynadığım dövrdə hər zaman deməyə sözüm olub və özümü müdafiə edə biləcək
biriyəm. Sadəcə, artıq baş məşqçi öz fikrini bildirmişdi və qərar verilmişdi.
Əlavə nəsə deməyə ehtiyac yox idi. Məsələ burasındadır ki, o mənə bir dəqiqə
belə şans vermədən bu sözü söyləmişdi. Məşq prosesində belə imkan yaratmamışdı.
– Roman Qriqorçukun sizə qarşı ədalətsiz davrandığını düşünürsünüz?
– Mən bu məsələyə iş kimi yanaşıram. Futbol da bir işdir və belə bir şey ola
bilər. Biz peşəkarıq. Təəssüf ki, karyeramda belə bir hadisə oldu. Dediyim
kimi, olanları iş hadisəsi kimi qəbul edirəm. Ədalətsizliklə
üzləşib-üzləşmədiyimlə bağlı kənardan çox fikir səslənə bilər. Mənim üçün bu iş
prosesidir. Bu məsələ gündəmdə olan vaxt da Roman Qriqorçukun fikrinə hörmətlə
yanaşırdım.
– “Neftçi” cari mövsüm ardıcıl xal itkilərinə məruz qaldıqdan sonra Roman
Qriqorçukun komandadan gedəcəyi heç kimdə şübhə doğurmurdu. Belə olan halda
yeni baş məşqçinin gəlişini gözləmək olmazdı?
– Mənim olduğum yerdə xırdalıqlara getməyə ehtiyac yoxdur. Baş məşqçinin
qərarı ilə əvəzedici heyətə göndərilmişdim. Onlara olan hörmətimə görə qərarla
razılaşdım. İstənilən halda, klub futbolçudan böyükdür. Azərbaycanın ən titullu
futbolçularından biri olan Qara Qarayev başda olmaqla, hər kəs klubuna və
verilən qərarlara hörmətlə yanaşmalıdır.
– Əvəzedici heyətə göndərilməyiniz sizə pis təsir etmədi?
– Əlbəttə, pis təsir etdi. Əvəzedici heyətə göndəriləndə özümü tək hiss
edirdim, heç kimlə danışmırdım. Klubdan da kimsə maraqlanmırdı. Heç vaxt
oynadığım futbolu maddi maraqlar üzərində qurmamışam. Mənim üçün əsas inam və
güvən olub. Onda bitmişdirsə, deməli, uzadılacaq heç nə yox idi. Mən ayrılandan
3-4 oyun sonra Qriqorçukun gedişi rəsmiləşdi. Həmin müddətdə əvəzedicilərin
heyətində yer almaq mənim üçün çətin olardı.
– Komandadan ayrılarkən baş məşqçi ilə söhbətiniz oldu?
– Əlbəttə, normal görüşdük. Hətta ona bildirdim ki, qərarınıza hörmətlə
yanaşıram, peşəkar şəkildə verilən qərarların müzakirəsi olmur. Bu sözümdən
sonra Qriqorçuk məni qucaqlamaq istədi. Yenə deyirəm, bu onun qərarı idi. Onun
düşüncəsini məşq prosesində dəyişə bilərdim. Amma bu da alınmadı. Bununla belə,
Qriqorçuk deyirdi ki, sən öz işinə ən məsuliyyətlə yanaşan futbolçulardansan.
– “Neftçi”dən küskün ayrıldınız?
– Xeyr, belə bir şey yoxdur. “Neftçi”nin böyük futbok camiəsi və azarkeşləri
var. Kimdənsə küskünlüyüm yoxdur. Düşünürəm ki, hər şey ədəb-ərkanla olsa, daha
yaxşı olar. “Neftçi”dən ayrılmışam deyə, klub barədə neqativ fikirlər
səsləndirməyi özümə uyğun bilmirəm. Onlara uğurlar arzu edirəm. Yolları hər
zaman açıq olsun. “Neftçi” Azərbaycan futbolu üçün vacib fiqurdur. Klubun aşağı
yaş qruplarında çox istedadlı uşaqlar var. Düşünürəm ki, onlar gələcəkdə
futbolumuza faydalı olacaqlar.
– Azərbaycan Premyer Liqasının XII turunda “Araz-Naxçıvan” klubu “Neftçi” ilə
qarşılaşacaq. Bu görüş sizin üçün xüsusi prinsipiallıq daşıyır?
– Qətiyyən daşımır. Daha doğrusu, mənim üçün xüsusilik daşımır. Bütün oyunlara
ciddi yanaşacağıq. Həmçinin də “Neftçi” ilə matç “Araz-Naxçıvan” üçün vacib
görüşlərdən biridir. Komanda turnir cədvəlində yer aldığı mövqeni
möhkəmləndirməyə çalışacaq. Həmin qarşılaşmaya hazır olub-olmayacağımı dəqiq
bilmirəm. Baş məşqçimiz uyğun bilsə və hazır olsam, komandama kömək etməyə
çalışacağam.
– Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi tərəfindən heyətdən
kənarlaşdırılmağınızı necə xatırlayırsınız?
– Əslində hər şeyin kökü milli komandaya dayanır. Həmin vaxt yığmadan çox
incimişdim. Baş məşqçi heç bir səbəb olmadan məni heyətdən çıxartdı. Təəssüf
ki, mənə qarşı bu addımdan sonra heç kim yanımda olmadı. O, mətbuata
açıqlamışdı ki, hər kəs millidə qələbəyə sevinərkən, Qara kənarda dayanmışdı.
Bu çox gülünc söhbət idi. Üzüldüyüm məqam o idi ki, bu məsələdən sonra heç kim
yanımda olmadı. Onun qərarına təsir edə biləcək insanların dəstəyini görmədim.
Bildirmişdim ki, De Byazi ilə görüşmək, söhbət etmək istəyirəm. Haradasa səhvim
varsa, özümə desin, mən də ona hər şeyi izah edim. Amma məni onunla
görüşdürmədikləri üçün çox incidim.
– “Qarabağ”dan ayrılaraq “Neftçi”yə keçidiniz azarkeşlər tərəfindən birmənalı
qarşılanmamışdı. Bununla bağlı nə deyə bilərsiniz?
– “Qarabağ” mənim üçün doğmadır. Bu gün futbolçu kimi tanınmağım və özümü
təsdiqləməyim bu komandanın sayəsində olub. Lakin yığmada baş verən
proseslərdən sonra “Qarabağ”da meydana çıxmaq şansım azalmışdı. Qarşılıqlı
razılaşdıq ki, daha çox forma geyinə biləcəyim komandaya keçim.
– “Neftçi” və milli komandada cərəyan edən hadisələr sizə nə dərəcədə mənfi
təsir göstərdi?
– Heç bir səbəb olmadan milli komandadan iki ilimi oğurladılar. Bir söz
deyəcəyəm. Sırf özümə şamil etmirəm, ümumi danışacağam. Futbolçu karyerası
zəngin olan oyunçularımızı qoruyub-saxlamalıyıq. Hansısa oyunçuların yığma
təcrübəsi varsa, Çempionlar Liqası, Avropa Liqası matçlarında meydana çıxıbsa,
həmin futbolçuların təcrübələrindən yararlanmaq lazımdır. Karyerasını başa
vurmaq üzrə olan futbolçulara deməməliyik ki, nə işlə istəyirsinizsə, məşğul
olun. Onların müasir futbolçu təcrübələri bizə lazımdır.
– “Qarabağ”ın cari mövsüm Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?
– Komanda müəyyən səhvlərin ucbatından oyunlarını məğlub başa vurub. Avropa
Liqasının Liqa mərhələsində 3 oyuna çıxıblar və özlərini yaxşı tərəfdən
göstərməyi bacarıblar. Qarşılaşmalar zamanı təhlükəli vəziyyətlər də
yaradıblar. Ancaq bəzən alınmayanda, alınmır. Ötən il onlar üçün hər şey daha
yaxşı idi. Bu mövsüm sanki futbol şansı “Qarabağ”ın yanında deyil. İnşallah,
qarşıdakı görüşlərdə daha yaxşı çıxış edib, xallar qazanacaqlarına ümid edirəm.
– “Qarabağ” “Ayaks”la keçirdiyi III turun oyununda 3 cavabsız qolla məğlub
oldu və görüşün əvvəlində Julio Romaonun aldığı qırmızı vərəqə qarşılaşmanın
taleyinə təsir etdi. Vaxtilə eyni mövqedə çıxış etdiyiniz və sizi ehtiyat
oyunçular skamyasında gözləməyə məcbur edən futbolçunun çıxışı barədə nə deyə
bilərsiniz?
– Futbolda bəzən belə səhvlər olur. İnsan bəzən qərar verməkdə gecikir və
ortaya səhvlər çıxır. Məncə, Romaoya təzyiq göstərməyə ehtiyac yoxdur. Oyunda
səhvlər olur. Fikrimcə, “Qarabağ” klub olaraq onun arxasındadır və ictimaiyyət
də eyni dəstəyi göstərməlidir. Julio Romao Azərbaycanda öz mövqeyimdə çıxış
edən ən güclü futbolçulardan bəlkə də birincisidir.
– “Araz-Naxçıvan”da özünüzü yaxşı tərəfdən göstərib, yenidən milli komandaya
dəvət almağı gözləyirsiniz?
– Əlbəttə, ilk məqsədim budur. Məqsədlərim davam edir, yenidən əvvəlki
performansımı göstərəcəyimə inanıram. Vaxtı çatanda bütün futbolçular kimi mən
də karyeramı bitirəcəyəm ki, gənclərin yolu açılsın. Düşünürəm ki, hələ də
Azərbaycana futbolçu kimi öz töhfəmi verə bilərəm.