992cf572-0c23-4bf7-a074-661c942e07ca..jpg

Qara Qarayevin qızı: “Üzeyir Hacıbəyli – bizim olan hər şeydir” – MÜSAHİBƏ + FOTO/VİDEO

Baxış sayı: 766 dəfə baxılıb.

Qara Qarayevin qızı: “Üzeyir Hacıbəyli – bizim olan hər şeydir” – MÜSAHİBƏ +
FOTO/VİDEO

Bakı şəhərinin mərkəzində, Nizami 49 ünvanında bir muzey fəaliyyət göstərir.
Beş yaşlı muzey 105 yaşlı Qara Qarayevin irsini yaşatmaq və gələcək nəsillərə
çatdırmaq üçün yaradılıb. Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai
xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət
mükafatları laureatı, akademik Qara Qarayev ailəsi ilə 30 ilə yaxın bu mənzildə
yaşayıb və ilk əsərlərini də burada yazıb. İndi böyük bəstəkarın adını daşıyan
həmin muzeyə onun qızı Züleyxa Qarayeva rəhbərlik edir.

Qara Qarayevin ad günü ərəfəsində AZƏRTAC-ın müxbiri onunla ev-muzeyində
görüşüb söhbət edib.

Həmin müsahibəni təqdim edirik:

– Züleyxa xanım, beş il bundan əvvəl görkəmli bəstəkarın 100 illiyi Prezident
İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə geniş qeyd olundu,
silsilə tədbirlər keçirildi. Eyni zamanda, Qara Qarayevin ev-muzeyi açıldı.
Tanınmış bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini,
o cümlədən “Yeddi gözəl” baletini burada yazıb. Qara Qarayevli günlərə
qayıdanda ilk olaraq yadınıza nələr və hansı hadisələr düşür, nələri
xatırlayırsınız?

– Mən əvvəlcə bəstəkar Qara Qarayevin 2018-ci ildə 100 illiyinin keçirilməsi
haqqında Sərəncama, eləcə də ev-muzeyinin yaradılmasına görə möhtərəm Prezident
İlham Əliyevə təşəkkür etmək istəyirəm.

İlk növbədə onu qeyd etmək lazımdır ki, paytaxtdakı Nizami 49 ünvanında
yerləşən bu ev əsl ailə ocağı idi. 100 il bundan əvvəl babam Əbülfəz Qarayev
gənc həyat yoldaşı Sona xanım Axundovanı bu evə gətirib. Burada onların
övladları – atam Qara və əmim Mürsəl, sonradan onların nəvələri, nəticələri
dünyaya gəliblər. Məhz bu səbəbdən ev-muzeyinin burada yaradılması tamamilə
təbiidir.

– Unudulmaz bəstəkar Azərbaycan bəstəkarlıq məktəbində novator
sənətkarlardandır. Bir-birindən uğurlu musiqi əsərləri, təqdimatlar,
premyeralar, yaxın-uzaq ölkələrdə konsertlər, ictimai fəaliyyət – bütün bunlar,
sözsüz ki, ailəyə ayrılan zamanı məhdudlaşdırırdı. Bütün bunların fonunda onun
ailəsinə, övladlarına münasibəti və atanızla ünsiyyətinizi, münasibətlərinizi
bilmək maraqlı olardı…

– Dolğun bəstəkarlıq həyatına, sovet ittifaqının ayrı-ayrı şəhərlərinə və
xarici ölkələrə daimi ezamiyyətlərə baxmayaraq, o, bizim tərbiyəmizə və
təhsilimizə çox diqqətlə yanaşırdı. Atam bizim ilk məsləhətçimiz və dostumuz
idi və bu, sonradan gələcək peşəni seçməyimizdə özünü çox güclü şəkildə büruzə
verdi. O, bu evdə 1918-1946-cı illərdə yaşayıb. Həmin dövrdə Bakı və Moskva
konservatoriyalarında təhsil alıb, özünün Birinci və İkinci simfoniyalarını,
1946-cı ildə Dövlət mükafatına layiq görülən “Vətən” operasını (Cövdət
Hacıyevlə birgə), eləcə də xeyli instrumental və vokal əsərlərini bəstələyib.

– Qara Qarayev mənsub olduğu nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk
adamdır. Sizcə, onun uğurlarının əsasında nə dayanırdı?

– Gələcək bəstəkarın ilk musiqi müəllimi anası Sona xanım olub. Nənəm pianoda
çox gözəl ifa edirdi və oğlunun qeyri-adi istedadını hiss edərək onun
inkişafına hər cür yardım göstərib. Atamın musiqidə ilk uğurlu addımlarını
atmasında da onun böyük rolu olub. Qara Qarayevin musiqi bacarığı çox erkən
yaşda özünü göstərib. O, iki yaşında mahnılar ifa edirdi. Oğlunun bu istedadını
görən Sona xanım təhsil almaq üçün onu musiqi məktəbinə qoyub.

– Dövrün ideologiyasına xidmət edənlər bəstəkarı Qərb burjuaziya musiqisinə
meyilləndiyinə görə tənqid edirdilər. Əlbəttə ki, bunlar onun yaradıcılığına və
səhhətinə təsirsiz ötüşmürdü…

– Qara Qarayev musiqidə novator idi. Məlumdur ki, novatorluq bir qayda olaraq
mühafizəkarların və yeniliyi başa düşməyənlərin müqaviməti ilə üzləşir. Əlavə
etmək istəyirəm ki, bu və digər əsərin yazılma texnikasını onun ideoloji
məzmunu ilə eyniləşdirmək olmaz. Məsələn, dodekafoniya – spesifik və məhdud
musiqi-nəzəri termindir (qeyd – Qara Qarayev), ideoloji və estetik baxışların
əksi deyil. Yeni əsərlərin yazılması üçün müxtəlif texnikalardan istifadə
etməklə yanaşı, milli hisslərə malik olmaq vacibdir.

– Q.Qarayev dahi bəstəkar Üzeyir bəydən dərs alandan sonra Azərbaycan
musiqisinin sütununa çevrilən onlarla tələbə yetişdirdi. Onun dövrün yaradıcı
adamları ilə münasibətləri necə idi?

– Üzeyir bəy Qara Qarayevin həyatında xüsusi yer tutub. O, həmişə deyirdi:
“Üzeyir Hacıbəyli – bizim olan hər şeydir”. Məhz Üzeyir Hacıbəyli sayəsində
musiqimiz dünyada tanınıb, sevilib. Onun sayəsində orkestrlər, musiqi
teatrları, filarmoniya yaradılıb. Milli kadrların yetişdirilməsi üçün
konservatoriyaya Moskva və Leninqraddan ən yaxşı musiqiçilər dəvət olunub.
Bütün bu faktlar çox mühümdür, çünki özünü yaradıcılıqda nümayiş etdirmək üçün
həqiqi və parlaq istedada məhz yaxşı təhsil kömək edir. Üzeyir Hacıbəylidən
estafeti qəbul edən Qara Qarayev həyatının son günlərinədək konservatoriyada
işlədi. İş həddən çox idi. O, həm Bəstəkarlar İttifaqında, həm
konservatoriyada, həm ictimai həyatda çox mühüm vəzifələr yerinə yetirirdi.
Yeni əsərlərin yazılmasına da böyük vaxt sərf edirdi. Buna görə də, ailədə
işgüzar ab-hava hökm sürürdü və dostlarla əyləncəyə, söhbətlərə vaxt qalmırdı.

-Dünyaşöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində,
ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən
möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub, səhnə həyatı tapıb. Ona nə
vaxtsa xaricdə qalıb fəaliyyətini davam etdirmək təklifi edilib?

– Əlbəttə ki, Qara Qarayev xarici ölkələrdə də çox işləyib və əcnəbi
mütəxəssislərlə müştərək bir sıra əsərlər yaradıb. Bolqarıstanda “Tarix dərsi”,
Almaniyada “Qoyya və ya idrakın çətin yolu” filmləri üzərində işlərini misal
çəkə bilərəm. O, İspaniyada “Don Kixot” filminə musiqi yazıb və s.

Atam dünyanın əksər ölkələrində olsa da, həmişə Azərbaycana, çox sevdiyi doğma
Bakıya qayıtmağa can atıb. Bu şəhərdə doğmaları və dostları ilə görüş onun üçün
böyük hadisə və xoş ünsiyyət idi.

– Xalq rəssamı Tahir Salahovun çəkdiyi portretə baxanda atanızın xarakterli
adam təsiri bağışlayır. Doğrudanmı belə idi, yoxsa?

– Tamamilə doğrudur. Qara Qarayev güclü, iradəli, öz prinsiplərinə heç vaxt
xəyanət etməyən, olduqca vicdanlı insan idi.

– Qara müəllim daha çox kimlərin məsləhətinə ehtiyac duyurdu?

– Qara Qarayev üçün yaradıcı məsələlərdə əsas məsləhətçi, müəllim və dost
Dmitri Şostakoviç idi.

– Ömrünün son on ilini Moskvada yaşamaq atanız üçün çətin olmadı ki?

– Qara Qarayev Moskvada SSRİ Bəstəkarlar İttifaqının katibi, Bakıda isə
Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsini icra edirdi. O, eyni
zamanda, konservatoriyanın professoru idi, kompozisiya sinfini idarə edir, öz
tələbələri ilə məşğul olurdu. Həm Moskvada, həm Bakıda o, eyni dərəcədə böyük
nüfuz və hörmətə sahib idi.

– Siz və qardaşınızdan başqa dahi bəstəkarın yolunu nəsildə başqa kimlər davam
etdirir?

– Qardaşım Fərəclə atamızın yolunu davam etdiririk. Fərəc Moskva
Konservatoriyasının professorudur. Mən 20 ildən çox İstanbul Texniki
Universiteti yanında Dövlət Konservatoriyasının nəzdində yerləşən məktəbdə
işləmişəm, fortepiano şöbəsinə rəhbərlik etmişəm. 2018-ci ildə Qara Qarayevin
ev-muzeyi açılanda müəllimlik fəaliyyətimi dayandırdım.

Əmim oğlu Cahangir Qarayev də musiqi yaradıcılığı ilə məşğul idi. O, çox gözəl
pianoçu və bəstəkar idi. Təəssüflər olsun ki, o, həyatdan tez köçdü.

Üçüncü nəsildə öz musiqi istedadını Qara Qarayevin nəvələrindən biri – mənim
oğlum Zülfüqar Bağırov davam etdirdi. O, Bostonda Berkli Musiqi Kollecinin,
Nyu-York Universitetində kompozisiya və caz ifaçılığı sinfinin məzunudur.
Zülfüqar universitetdə dərs deyir və müxtəlif konsertlərdə çıxış edir.

– Muzeydə ötən illər ərzində görkəmli bəstəkarın irsinin yaşadılması üçün
hansı işlər görülüb?

– Hər şeydən əvvəl qeyd etmək xoşdur ki, muzeyin çoxsaylı ziyarətçiləri Qara
Qarayevin həyat və yaradıcılığına böyük maraq göstərirlər. Muzeydə tanınmış
musiqiçilərin, eləcə də yaradıcılıq yolunun başlanğıcında olan gənc ifaçıların
iştirakı ilə tez-tez müxtəlif tədbirlər keçiririk.


Source link