“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekorda imza atdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Qarabağ” –
“Neftçi” görüşü gözlənildiyi kimi maraqlı hadisələrlə yadda qalıb.
Cixisyolu.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki,
“Qarabağ” Premyer Liqanın 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə
çatdırıb. Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub.
“Köhlən atlar” “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol
sayını 50-yə yüksəldib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi
2021/22 mövsümündə evdə 47 qol vurmuşdu. Bu, həm də Azərbaycan çempionatlarında
son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt
“Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top
keçiriblər.
“Neftçi” Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol
buraxıb. Bu rəqəm 33-cü turun “Qarabağ”la matçından sonra belə yüksək həddə
çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu
təkrarlayıb. “Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər
qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu
indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.
Qeyd edək ki, “Sumqayıt” isə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə
12-ci heç-heçəsini edib. “Gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu
təkrarlayıb. Komanda 2015/16 mövsümündə 12 sülhə imza atmışdılar.
Anar Həsənov