Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi dünyaca məşhur Qarabağ atlarının iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan “Kral Vindzor At Şousu”nda möhtəşəm proqramla çıxış edib.
Proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təqdim olunub.
ÇıxışYolu.Com xəbər verir ki, şouda ölkəmizi süvarilər dəstəsi ilə yanaşı, “Sərhədçi” rəqs qrupu, “Natiq” ritm qrupu və rəssamlar təmsil ediblər.
“Land of Fire – Azerbaijan” (“Odlar Yurdu – Azərbaycan”) adlı xüsusi proqram 75 illik yubileyini qeyd edən “Kral Vindzor At Şousu”nun izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.
Xalqımızın dünya atçılığına bəxş etdiyi nadir at cinsi, igidlik və məğrurluq rəmzlərindən biri olan Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti bütün tamaşaçıları valeh edib.
Azərbaycan bu tədbirdə ilk iştirakından diqqət mərkəzində olub. Kraliça ailəsinə məxsus Vindzor qəsri hələ 1956-cı ildə Qarabağ atı ilə tanış olmuşdu. O vaxt kraliça II Elizabetə hədiyyə olunan “Zaman” adlı at Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıtmışdı.
Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupunun ecazkar ifasının sədaları altında Dövlət Sərhəd Xidmətinin 20 süvarisi məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində meydana çıxıb.
Təqdim olunan kompozisiyada onları xoreoqraf, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam müşayiət edib. On iki dəqiqə davam edən şounun quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Nicat Kazımovdur.
Mayın 12-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetlə görüşüb və ona rəmzi xatirə hədiyyəsi olaraq Qarabağ atının tuncdan hazırlanmış heykəlini təqdim edib.