0dc27e0c-570b-4fde-b6cd-e147f72ee2f5..jpg

“Qarabağ” Avropa Super Liqasında iştirak edə bilər

Baxış sayı: 889 dəfə baxılıb.

“Qarabağ” Avropa Super Liqasında iştirak edə bilər

“Qarabağ” Avropanın üç böyük klubu “Real”, “Barselona” (hər ikisi İspaniya) və
“Yuventus”un (İtaliya) birgə layihəsi olan Avropa Super Liqasında iştirak edə
bilər.

“Report”un məlumatına görə, bu barədə Opta statistika platforması
araşdırmasında bildirib.

Qeyd olunub ki, Avropa Super Liqasının təşkilatçıları qitənin 80 komandasının
iştirakı ilə ənənəvi yarış təşkil etməyi planlaşdırır. Həmin klubların bir neçə
liqaya bölünmələri və daxili birinciliklərindəki çıxışı davam etdirməklə
yanaşı, Super Liqada da mövsüm ərzində minimum 14 oyun keçirmələri nəzərdə
tutulub.

Təşkilatçılara seçimin “Opta”nın açıqladığı reytinqə əsasən aparılması və
Avropanın ilk 80 pilləsində yer alan klublarının dəvət olunması təklif edilib.
Təklif qəbul olunarsa, “Qarabağ” Azərbaycanın turnirdəki yeganə təmsilçisi ola
bilər. Çünki Ağdam təmsilçisi “Opta”nın reytinqinə əsasən, hazırda dünyada
69-cu, Avropada isə 68-ci pillədə qərarlaşır. Bu halda MDB məkanından yalnız
“Qarabağ”, eyni zamanda, Rusiyanın “Zenit” və Ukraynanın “Şaxtyor” (Donetsk)
klubları Super Liqada mübarizə aparmaq imkanına malik olacaqlar.

Reytinqin ilk “80-liy”ində İngiltərə Premyer Liqasının 15 klubu yer alır.
Almaniyanın 12, İspaniyanın 9, İtaliya və Fransanın isə 8 elita təmsilçisi bu
siyahıya düşürlər. Ümumilikdə Avropanın “Top-5” liqalarının 52 klubu “80-lik”də
qərarlaşır. Bu isə 65 faiz deməkdir.

Bundan başqa, Portuqaliya və Niderlandın 4, Belçikanın 3, Şotlandiya, Norveç
və Serbiyanın 2 komandası “Opta” reytinqinin ən yaxşı 80 klubu sırasındadır.
Azərbaycanla yanaşı, Avstriya, İsveçrə, Rusiya, Polşa, Ukrayna, Türkiyə,
İsrail, Xorvatiya, Çexiya və Macarıstan isə Avropa Super Liqasında 1 komanda
ilə təmsil oluna bilərlər. İndiki məqamda Türkiyədən yalnız “Fənərbağça”
qitənin ən yaxşı 80 komandası arasındadır.

Qeyd edək ki, “Opta”nın açıqladığı reytinqdə dünyanın 13 151 komandası yer
alıb. Azərbaycan Premyer Liqasında çıxış edən digər klublardan “Neftçi” 244-cü,
“Sabah” 307-ci, “Zirə” 615-ci, “Qəbələ” 628-ci, “Turan Tovuz” 992-ci,
“Sumqayıt” 1514-cü, “Şamaxı” 1556-cı, “Kəpəz” 1651-ci, “Səbail” isə 1731-ci
pillədə qərarlaşıb.

Source link