Bu gün UEFA Çempionlar Liqasında 10 görüş keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, görüşlərdən biri Bakıda, “Dalğa Arena”da baş tutacaq.
Belə ki, Ağdamın “Qarabağ” klubu bu gün 2019/2020 mövsümündə Bakıda ilk avrokubok matçına çıxacaq. Rəqib Albaniyanın “Partizani” klubudur. Tiranadakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, Bakıdakı görüşün əhəmiyyəti birə-beş artıb.
Bu matçda zədəli mərkəz müdafiəçisi Bədavi Hüseynovun əvəzinə Rahil Məmmədovun yox, daha təcrübəli Maksim Medvedevin oynayacağı gözlənilir. Ancaq Maksimin sağ cinahda Abbas Hüseynovu əvəzləməsi də gözləniləndir.
Həmçinin müdafiənin sol cinahında braziliyalı Ailton “Qarabağ”da debütünü gerçəkləşdirəcək. O, ilk matçı cəzalı olduğu üçün buraxmalı olmuşdu.
Qeyd edək ki, saat 21:00-da başlayacaq görüşü Moldovadan olan hakim Dmitri Muntyan idarə edəcək.
Oyun “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
Səbuhi Musayev