f36d28de-33bd-47df-9bb2-c082c1f905da..jpg

“Qarabağ” Belçikada ilkə imza ata biləcək? – ARAŞDIRMA

Baxış sayı: 1. 025 dəfə baxılıb.

“Qarabağ” Belçikada ilkə imza ata biləcək? – ARAŞDIRMA

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Gent”in
qonağı olacaq.

Cixisyolu.com xəbər verir ki, bu, Ağdam klubunun Belçikaya üçüncü səfəridir. “Köhlən
atlar” daha əvvəl “Brügge” və “Anderlext”lə Avropa Liqası (AL) oyunları üçün
adıçəkilən Benilüks ölkəsinə gedib. Bunlardan birincisi turnirin 2011/12
mövsümünün 3-cü təsnifat mərhələsində baş verib. Brüggedə şəhərin eyniadlı
komandası ilə qarşılaşan Azərbaycan təmsilçisi 4:1 hesabı ilə məğlub olub.
Bakıdakı cavab matçında minimal hesablı (1:0) qələbə növbəti mərhələ üçün
kifayət etməyib.

İkinci və hələlik sonuncu duel “Anderlext”ə qarşı AL-in 2015/16 mövsümündə baş
tutub. Brüssel klubu ilə eyni qrupda yer alan “Qarabağ” Bakıda 1:0 üstün olub,
səfərdə 1:2 uduzub.

Ümumilikdə Azərbaycan təmsilçiləri avrokuboklarda 11 dəfə belçikalılarla
üz-üzə gəliblər. Bunların 5-də klublarımız üstün olub. Belçikalıların da eyni
sayda qələbəsi var. 1 görüşdə qalib müəyyənləşməyib. Top fərqində üstünlük
rəqib komandalardadır – 10:18.

Azərbaycan və Belçika klublarının avrokubok duelləri:

UEFA Çempionlar Liqası, 2005/06 mövsümü: “Anderlext” – “Neftçi” – 5:0,
“Neftçi” – “Anderlext” – 1:0

UEFA İntertoto Kuboku, 2008/09 mövsümü: “Jerminal” – “Neftçi” – 1:1, “Neftçi”
– “Jerminal” – 1:0

UEFA Avropa Liqası 20011/12 mövsümü: “Brügge” – “Qarabağ” – 4:1, “Qarabağ” –
“Brügge” – 1:0

UEFA Avropa Liqası, 2015/16 mövsümü: “Qarabağ” – “Anderlext” – 1:0,
“Anderlext” – “Qarabağ” – 2:1

UEFA Avropa Liqası, 2016/17 mövsümü: “Anderlext” – “Qəbələ” – 3:1, “Qəbələ” –
“Anderlext” – 1:3

UEFA Konfrans Liqası, 2022/23 mövsümü: “Qarabağ” – “Gent” – 1:0

Azərbaycan yığmasının da yolu Belçika millisi ilə bir neçə dəfə kəsişib. Milli
indiyə qədər bu rəqiblə 4 dəfə üz-üzə gəlib. Hər biri rəsmi xarakter daşıyan
qarşılaşmaların 3-də Belçika üstün olub, 1 görüşdə qalib müəyyənləşməyib. Top
fərqində rəqib üstündür – 2:9. Yığmamız AVRO-2024-ün seçmə mərhələsində də
Belçika ilə eyni qrupda yer alıb. Komandalar arasında ilk oyun sentyabrın 9-da
Bakıda baş tutacaq.

Azərbaycan və Belçika millilərinin oyunları:

AVRO-2008, seçmə mərhələ: Belçika – Azərbaycan – 3:0, Azərbaycan – Belçika –
0:1

AVRO-2012, seçmə mərhələ: Belçika – Azərbaycan – 4:1, Azərbaycan – Belçika –
1:1

Göründüyü kimi, milli səviyyəsində Belçika ilə oyunlar uğurlu alınmasa da,
Azərbaycan klubları bu ölkədən olan rəqiblərinə “diş göstərməyi” bacarıb. Təkcə
“Qarabağ” belçikalılar üzərində 3 qələbə əldə edib. Ancaq Qurban Qurbanovun
komandası bu ölkəyə səfərlərdə məğlubiyyətdən qaça bilməyib. Bu gün komanda
“Gent”ə məğlub olmasa, həm özü üçün uğursuz tendensiyaya son qoyacaq, həm də
Azərbaycan futbolu adına yeni uğura imza ataraq ilk dəfə avrokuboklarda 1/8
final oynayacaq.

Bu gecə “Gelamko Arena”da baş tutacaq “Gent” – “Qarabağ” görüşü Bakı vaxtı ilə
00:00-da start götürəcək.

Vaqif Verdiyev

Source link