“Qarabağ” UEFA-ya erməni təxribatı ilə bağlı bu gün müraciət ünvanlayacaq.
Bu barədə ÇıxışYolu.Com-a “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Lüksemburqda “F91 Düdelanj”la görüşdə dronla qondarma Dağlıq Qarabağ bayrağı qaldırmaqla oyun pozulub. Bu isə komandalara mənfi təsir göstərə bilər.
AFFA-dan sonra “Qarabağ” da UEFA-ya müraciət məktubu göndərəcək:
“Şükür olsun ki, oyunçularımız matçda fasilə yarandıqdan sonra qopmadılar. Dediklərimizi yerinə yetirdilər. Amma başqa cür də ola bilərdi. Biz avrokubok yarışlarını UEFA-nın bayrağı altında keçiririk. UEFA maksimum şəkildə çalışır ki, oyunlarda nizam-intizam qorunsun.
Müraciət etməsək belə, onlar özləri bu məsələni araşdırmağa başlayıb. Bununla belə, klub olaraq biz özümüz də bu gün UEFA-ya müraciət edəcəyik”.
Qeyd edək ki, həmin görüşdə “Qarabağ” 4:1 hesabı ilə qələbə qazanıb.
Səbuhi Musayev