“Qarabağ” milli çempionatlardakı xal fərqinə görə Avropada birincidir –
ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi”ni 4:1 hesabı ilə məğlub edən
“Qarabağ” ən yaxın izləyicisi “Səbail”lə xal fərqini 23-ə yüksəldib.
“Report”un araşdırmasına görə, Ağdam təmsilçisi Avropanın milli
çempionatlarında ən böyük fərqlə liderlik mövqeyində qərarlaşan komandadır.
“Qarabağ”dan sonra yalnız bir klub 20 xallıq üstünlüyə malikdir. Bu, Uels
çempionatında 74 xal toplayan TNS-dir. İlk üçlüyü Slovakiya çempionatının
lideri “Slovan” qapayır. Adıçəkilən komanda ikinci sıradakı “Jilina”dan 16 xal
öndədir.
“Böyük beşlik” ölkələrindən ən yaxşı göstərici İtaliya A Seriyasındadır. Həmin
çempionatda qızıl medallara iddiaçı “İnter” 27 turdan sonra təqibçisi
“Yuventus”dan 15 xal irəlidədir.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer
04” isə Almaniya Bundesliqasındakı çıxışı ilə diqqət çəkir. Xabi Alonsonun
kollektivi sona 10 tur qalmış ikinci pillədəki “Bavariya”dan 10 xal çox
toplayıb.
Mövsüm sona yaxınlaşan ölkələrdən üçündə ilk iki sırada qərarlaşan klublar
eyni xala malikdirlər. Bunlar Bolqarıstan, İsrail və San-Marino liqalarıdır.
Avropa çempionatlarında liderin ikinci pillədəki komanda ilə arasında xal
fərqi olan ölkələr:
1. Azərbaycan (25 turdan sonra) – 23;
2. Uels (26) – 20;
3. Slovakiya (22) – 16;
4. İtaliya (27) – 15;
5. Rumıniya (29) – 12;
6-7. Almaniya (24), Niderland (24) – 10;
8-9. Bosniya və Herseqovina (21), Fransa (24) – 9;
10. Belçika (28) – 8;
11-12. Sloveniya (24), İspaniya (27) – 7;
13-14. Moldova (14), Kipr (28) – 6;
15-19. Andorra (19), Lüksemburq (19), Çexiya (23), Ermənistan (23), Albaniya
(26) – 4;
20. Polşa (23) – 3;
21-24. Rusiya (19), Avstriya (21), Türkiyə (28), Şotlandiya (29) – 2;
25-39. Cəbəllütariq (17), Ukrayna (19), Malta (19), Danimarka (20), Şimali
Makedoniya (21), Portuqaliya (23), Monteneqro (23), Serbiya (23), Macarıstan
(23), Kosovo (23), Xorvatiya (25), İsveçrə (26), Yunanıstan (26), İngiltərə
(27), Şimali İrlandiya (30) – 1;
40-42. Bolqarıstan (22), İsrail (24), San Marino (24) – 0.