1e0e9e96-bec4-4ea2-9ea5-cbed9b94b85f..jpg

Qarabağ və Qərbi Azərbaycan: işğala son, qayıdışa davam – ŞƏRH + FOTO

Baxış sayı: 808 dəfə baxılıb.

Qarabağ və Qərbi Azərbaycan: işğala son, qayıdışa davam – ŞƏRH + FOTO

Azərbaycan dünyada tarixi, dədə-baba torpaqları bir neçə dövlətin ərazisi
sayılan tək-tük ölkələrdəndir. Heç şübhəsiz, parçalanmanın başında, ilk
növbədə, işğal faktoru dayanır. Çar Rusiyası, onun ardınca Sovet İttifaqı
Cənubi Qafqaza, Azərbaycana soxulandan sonra Azərbaycan türklərinin və
torpaqlarının faciəsi başlayıb. 200 ildən artıq tarixə malik olan bu işğalçı
siyasət və fəaliyyət nəticəsində milyonlarla azərbaycanlı öz yurdundan didərgin
düşüb, yurdları dağıdılıb. Azərbaycan ictimaiyyəti tarixən baş verən bu faciəni
son 34 ildə, 1988-ci ildən bəri yaşayıb, şahidi olub. Qarabağ və ətraf
rayonların işğaldan azad olunması heç vaxt unudulmayan bu tarixi həqiqətləri
bir daha yada saldı.

Azərbaycan işğaldan azad etdiyi torpaqlarında quruculuq işləri aparır. Bununla
beynəlxalq ictimaiyyətə tarixi və mövcud reallıqlar da çatdırılır. Bu
yaxınlarda Rusiya rəsmilərindən biri Cənubi Qafqazın, o cümlədən Azərbaycanın
ən doğru xəritəsinin onların əlində olduğunu bildirmişdi. Belə xəritələrin
regionda marağı olan başqa dövlətlərdə də olduğu istisna edilmir. Hətta
Fransada belə, regionun xəritəsi var. Həmin tarixi xəritədə Azərbaycanın
torpaqları aydın göstərilir. Çünki bu torpaqlar üzərində Ermənistan və s.
yaradılıb. Qafqazda Ermənistanın başqalarının regionda alət kimi istifadə
edilmək üçün qurulduğu da sirr deyil. Bu proses hazırda dünyanın müxtəlif
bölgələrində yaradılan süni dövlətlərin qurulması ilə eyniyyət təşkil edir.
Çünki bu istiqamətdə metod və texnologiya oxşardır.

Dünyada torpaqlarından çıxarılan insanların geri dönüşü prosesi də baş verir.
Keçmiş SSRİ ərazisində Krım yarımadasından, Gürcüstandan sürgün edilən Ahıska
türklərinin repatriasiyası ilə bağlı qəbul edilən, təəssüf ki, hələ də tam
həyata keçməyən qərarı örnək göstərmək olar. Yeri gəlmişkən, repatriasiya
latınca “repatriate” olub, vətənə qayıtma, əmlakın, simvolik əşyanın və ya
şəxsin könüllü, yaxud məcburi şəkildə öz sahibinə, vətəndaşlığı olduğu ölkəsinə
qayıtmasıdır. İnsan repatriasiyası könüllü və məcburi olur. Beynəlxalq
ictimaiyyət II Dünya müharibəsindən, sovetlər dağılandan sonra bu prosesin
şahidi olub. Odur ki, beynəlxalq hüquq, qanun və BMT-nin bu istiqamətdə qəbul
etdiyi sənədlərlə Azərbaycan türklərinin indi Ermənistan adlanan tarixi
torpaqlarına repatriasiya olunmaq hüququ var.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə
toxunaraq deyib:

“Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz
qalmış icma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi,
problemi olan yerdə qərbi azərbaycanlıların hüquqlarından danışmaq, bəlkə də,
vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki,
biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq”.

Dövlət başçısı Ermənistanda etnik təmizləməyə işarə edərək bildirib ki, qərbi
azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların
hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır:

“Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ
təmin edək… Çünki bu gün bizim məkanda, ümumiyyətlə Avrasiya məkanında
monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu
monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu
qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır”.

Torpaqlar işğaldan azad edildikdən sonra dünya və yerli ictimaiyyət çox
acınacaqlı mənzərənin şahidi oldu. Kəndlərdə və şəhərlərdə daş daş üstə
qalmamışdı. Tikililər dağıdılmış, qarət edilmiş və yaşayış məskənləri boş
qalmışdı. Elə Ermənistanda da oxşar mənzərə yaranıb. Azərbaycanlılar öz
yurdlarından məcburi çıxarıldıqdan sonra həmin ərazilər boş qalıb. Dövlət
başçısı çıxışında deyib ki, onların deportasiyadan sonra boşaltdıqları
kəndlərdə, demək olar, həyat yoxdur. Prezident torpaqların birləşməsinin
Azərbaycan cəmiyyətini birləşdirdiyini də vurğulayıb:

“Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması
demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün
imkanlardan istifadə edəcəyik. Necə ki vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan
xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da
görməliyik”.

Qərbi Azərbaycanla Qarabağın taleyində oxşarlıq var. Qarabağ işğaldan
təmizlənib. Oraya Azərbaycan tamamilə nəzarət edir. Bölgələrin sakinləri
tədricən öz yurdlarına qayıdırlar. Prezident çıxışında Laçın-Xankəndi yolunda
keçirilən aksiyaya da münasibət bildirib:

“Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir.
Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir
daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün
dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar
dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar”.

Dövlət başçısı İran tərəfinin qanunsuz fəaliyyətinə də işarə edib:

“Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə
primitiv səviyyədə aldatmaq istəyirdilər”.

Prezident aksiya ətrafında Ermənistan və onun havadarlarının yalan təbliğatına
qarşı bildirib ki, orada blokadadan söhbət gedə bilməz və sülhməramlıların dörd
yüzə yaxın yük avtomobili oradan keçib. Dövlət başçısı Azərbaycanın məqsədinin
blokada olmadığını vurğulayıb:

“Bizim tələblərimiz tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın
dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi
yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.

Beləliklə, Prezident İlham Əliyev KİV nümayəndələrinə müsahibəsində
Azərbaycanın keçmiş SSRİ dövründə işğal edilmiş iki bölgəsindən bəhs edib.
Prezidentin çıxışına əsasən demək olar ki, Qarabağın işğaldan azad olunması,
bölgəyə nəzarət Qərbi Azərbaycana qayıdışın reallaşacağına inamı artırır.

“Report” İnformasiya Agentliyi

Source link