9a173cbb-2bed-4b8e-9f0b-cc6398a0f5dd..jpg

Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb

Baxış sayı: 475 dəfə baxılıb.

Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün
görüləcək işlər açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün
görüləcək işlər açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf”
mövzusunda keçirdiyi konfransda bildirilib.

Tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I
Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən “Doğma yurdlarına qayıdacaq
məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi
vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi”
layihəsinin ilkin mərhələsinin yekunlarına həsr olunub.
Konfransın moderatoru, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran
Ağaməliyev layihə haqqında məlumat verib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov konfransın mövzusuna dair çıxış
edib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı
məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi
icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən
biridir. Böyük Qayıdışa dair birinci Dövlət Proqramında məcburi köçkünlərin
işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə
reinteqrasiyası proqramın məqsədlərindən biri kimi müəyyənləşdirilib. İşğaldan
azad edilmiş ərazilərdə, Prezidentİlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın xüsusi diqqəti və tapşırıqları əsasında bərpa-quruculuq
işləri aparılır, məcburi köçkünlərin doğma yurda rahat, təhlükəsiz və ləyaqətli
qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Artıq üç mindən
çox məcburi köçkünün daimi məskunlaşmaq üçün geri qayıtdığı qeyd edilib.
Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı məşğulluğunun
təmin edilməsi də diqqət mərkəzindədir. Dövlət Komitəsi bununla əlaqədar olaraq
aidiyyəti dövlət qurumları ilə birlikdə layihələr həyata keçirir.

Konfransda Milli Məclisin deputatları Mahir Abbaszadə və Naqif Həmzəyev çıxış
ediblər. Qeyd edilib ki, bu günlərdə Milli Məclisə hökumətin təqdim etdiyi
2024-cü ilin dövlət büdcəsi layihəsinin digər prioritetləri sırasında işğaldan
azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də var. Geri
qayıdanların məşğulluğunun təmin edilməsi üçün istehsalın və sahibkarlıq
fəaliyyətinin dəstəklənməsi işləri də uğurla icra olunur, yerli və xarici
sərmayəçilər üçün əlverişli biznes mühiti formalaşdırmaq üçün sənaye parkları
yaradılır və digər müvafiq işlər görülür.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov
məcburi köçkün icmalarının biznes və sahibkarlıq təşəbbüslərinin
dəstəklənməsinin mühüm məsələ olduğunu bildirib, bu sahədə Dövlət Komitəsi ilə
əməkdaşlığın əhəmiyyətindən danışıb.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar
Ələsgərova isə çıxışında qeyd edib ki, layihə çərçivəsində məcburi köçkünlərə
biznes bacarıqlarını inkişaf etdirmək məqsədilə peşəkar biznes təlimlər
keçirilib. Geri qayıtdıqdan sonra fəaliyyət göstərəcəkləri sahələr üzrə biznes
planlar hazırlanıb və mikro sahibkar kimi fəaliyyət göstərmələri üçün müvafiq
addımlar atıb.

Tədbirdə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını əks
etdirən videoçarxlar nümayiş etdirilib.

Sonda “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən
fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların
yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin iştirakçılarına
sertifikatlar təqdim edilib. Layihənin iştirakçısı Laçın rayonunun Zabux
kəndinin sakini Ziyadxan Məmmədov layihənin onlarda biznes bacarıqlarının
inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib, məcburi
köçkünlərin məşğulluğunun artırılmasına dövlət dəstəyinin göstərilməsinə görə
ölkə rəhbərliyinə təşəkkür bildirib.

Konfrans iştirakçıları məcburi köçkünlərə gəlirgətirən fəaliyyətlə məşğul
olmaq üçün təqdim edilən avadanlıqlarla tanış olublar.

Source link