17f71192-3064-4885-882d-bf855b1b3130..jpg

Qarabağ və Şərqi Zəngəzurun sakinləri digər ərazilərə gedib-gələ bilər? – AÇIQLAMA + FOTO

Baxış sayı: 506 dəfə baxılıb.

Qarabağ və Şərqi Zəngəzurun sakinləri digər ərazilərə gedib-gələ bilər? –
AÇIQLAMA + FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına
əsasən, Böyük Qayıdış proqramı çərçivəsində indiyədək 1 855 nəfər məcburi
köçkün doğma yurduna qovuşub. Belə ki, 108 ailə (526 nəfər) Zəngilan rayonunun
Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 234 ailə (904
nəfər) Laçın şəhərinə, 20 ailə (88 nəfər) Laçının Zabux kəndinə, 70 ailə (247
nəfər) isə Füzuli şəhərinə köçürülüb.

Azad edilmiş ərazilərə köçürülən sakinlərin sayı artdıqca, onların digər
rayonlara gediş-gəlişinin təmin edilməsi, yaxın qohum-əqrəba ziyarətlərinin
necə həyata keçirildiyi haqqında suallar da ortaya çıxır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Cixisyolu.com-ın bununla bağlı
sorğusuna cavab olaraq, bildirilib ki, işğaldan azad edilmiş ərazilərə
sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni
avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə
alınmaqla tənzimlənir. AYNA-dan qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərə
səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi
təmin olunmalıdır:

“Tərtər rayonunun Talış və Zəngilan rayonunun Ağalı kəndlərində, eləcə də
Laçın şəhərində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını
ödəmək üçün AYNA tərəfindən avtobus marşrutları açılıb. Cari ilin may ayında
Füzuli rayonunun Əhmədbəyli kəndindən Şuşa şəhərinə və Horadiz şəhərindən Laçın
istiqamətinə, avqust ayında isə Horadiz vağzalı, Əhmədbəyli kəndi və Füzuli
şəhərindən keçməklə Hadrut qəsəbəsinə sərnişindaşıma xidməti fəaliyyətə
başlayıb”.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə hələlik qalmaqda olan mina
təhlükəsi və bu kimi digər problemlər bu bölgələrə gediş-gəliş üçün xüsusi
icazənin alınmasını zəruri edir.

Aysel Aslan

Source link