Qarabağ zəfəri Azərbaycanın beynəlxalq nüfuzuna necə təsir etdi? – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibənin başa çatmasından
artıq üç il keçir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına
cavab olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam
edən Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası
ilə nəticələndi. Bundan sonra Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə
Üçtərəfli Bəyanat imzalandı.
Vətən müharibəsində qələbə qazanılması bundan sonrakı dövrdə ölkəmiz üçün
ciddi dəyişikliklər demək idi. İşğaldan azad edilmiş ərazilərimizin bərpası,
buradakı erməni vəhşiliklərinin dünyaya tanıdılması, erməni separatizminə “yox”
deyilməsi Azərbaycanın xüsusilə beynəlxalq nüfuzuna müsbət təsir edən amillərin
artmasına rəvac yaratdı.
Bununla əlaqədar Cixisyolu.com-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvüAzər Kərimli son üç il ərzində
ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəldiyini təsdiq edib:
“Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı
tərəfdaş imicini qazanıb. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə
Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü
göstərdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni
reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.
Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün
geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz
ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik
tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi
istisnasız olaraq Prezidentİlham Əliyevin həm müharibə, həm də postmüharibə
dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.
Döyüş əməliyyatlarının həyata keçirildiyi zaman kəsiyində dövlət başçısının
informasiya savaşının ön cərgəsində dayanaraq, Azərbaycanın haqlı mövqeyini
tutarlı faktlarla, arqumentlərlə və əks-arqumentlərlə beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırması, Ermənistanın və havadarlarının, erməni diasporunun uzun
illərdən bəri ölkəmizə qarşı apardığı total təbliğatın yüksək natiqlik və
diplomatik məharətlə alt-üst edilməsi, Azərbaycanın maraqlarının beynəlxalq və
ikitərəfli münasibətlər müstəvisində müdafiə olunması istiqamətində nümayiş
etdirilən qətiyyətli mövqe bugünkü reallıqların ortaya çıxmasına zəmin yaradıb”.
Azər Kərimlinin fikrincə, Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə
yaratdığı reallığın regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına
xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı istisnasız
olaraq, qəbil edildi:
“Şübhəsiz ki, Azərbaycan dövləti bu reallıqları vətəndaşlarının konstitusion
hüquqlarından çıxış edərək, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının
qətnamələri, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində yaradıb, döyüş
əməliyyatları zamanı beynəlxalq humanitar hüququn və onun tərkib hissəsi olan
Cenevrə Konvensiyasının tələblərinə əməl edib, bütün şəraitlərdə, o cümlədən
müharibə vəziyyətində qlobal məsuliyyətini yüksək səviyyədə başa düşən bir
dövlət kimi davranmaq potensialına və iradəsinə malik olduğunu təsdiqləyib.
Bu gün hərəkət etdiyimiz nöqtədən geri boylananda 44 günlük Vətən müharibəsi
də daxil olmaqla, qəbul edilən qərarların, atılan addımların risk yükünün nə
qədər böyük olduğunu müəyyənləşdirə bilərik.
Bu gün biz gözümüzün önündə tamamilə və mahiyyət etibarilə dəyişən, yenilənən
Azərbaycanın açıq, şəffaf və gerçək obrazının necə canlandığının, ölkəmizin öz
strateji hədəflərinə doğru necə inamla addımladığının şahidi oluruq.
Bu hədəflərdən birincisi, şübhəsiz ki, 44 günlük Vətən müharibəsində və daha
sonra nümayiş etdirdiyimiz milli birliyin, həmrəyliyin, mübarizə əzminin
qorunub-saxlanılmasıdır. Çünki məğlub ölkə və onun himayədarları hələ də
Azərbaycana qarşı iddialarından əl çəkməyiblər. Şübhəsiz ki, Azərbaycan Ordusu
müharibədən keçən dövr ərzində daha da güclənib, modernləşib və daim müasir
dövrün çağırışlarına adekvat olaraq inkişaf etməkdədir. Silahlı Qüvvələrimiz
istənilən təhdidin qarşısına ala, torpağımıza dikilən gözləri oya bilər. Amma
Vətəni, dövləti, ordunu güclü edən ona bağlı olan insanların mənəvi birliyi,
həmrəyliyi, mücadilə əzmidir.
Azərbaycan, 44 günlük müharibədə, şübhəsiz ki, ilk növbədə öz torpaqlarını
işğaldan azad edib, amma bununla yanaşı, müharibədən keçən üç il ərzində qalib
ölkə və xalq olmanın mükəmməl bir obrazını da yarada bilib. İndi Qarabağda
yaşayan ermənilər, sadəcə, ətraflarında həyata keçirilən quruculuq-abadlıq
işlərinə nəzər salsalar, vəhşicəsinə dağıtdıqları şəhərlərin, kəndlərin az qala
ildırım sürəti ilə, böyük sevgi ilə necə dirçəldiyinə nəzər salsalar, qalib
xalqın və dövlətin, eləcə də qalib liderin gerçək obrazını görə bilərlər”.
Politoloq İlqar Vəlizadə isə Azərbaycanın müharibədən sonra keçdiyi dövrün
ciddi əhəmiyyət daşıdığını düşünür. O qeyd edib ki, müharibədən öncə regiondakı
geosiyasi proseslərə daha çox kənar dövlətlər təsir göstərməyə cəhd edirdilər.
İndi isə durum fərqlidir:
“Vətən müharibəsindən sonra regionun siyasi gündəliyini Azərbaycan
müəyyənləşdirir. Çünki Azərbaycan müharibədə qalib gəlmiş ölkə kimi
postmünaqişə dövründə digər nüfuzlu oyunçularla münasibətlər qurur. Beləliklə,
regiondankənar qüvvələrin cəhdlərini məhz rəsmi Bakı neytrallaşdıra bilir.
Son hadisələr də göstərir ki, Azərbaycan tərəfi danışıqlar prosesinin də əsas
istiqamətlərini müəyyənləşdirir və Ermənistanı məcbur edir ki, Azərbaycan
gündəliyinin ardınca getsin, bizim şərtlərimizi qəbul etsin. Bu isə sözsüz ki,
yaranmış reallıqların hesabına baş verir. Biz həm Azərbaycan-Ermənistan
sərhədində, həm də Qarabağ iqtisadi rayonunda reallıqları formalaşdırırıq.
Təəssüf ki, bəzi qüvvələr hələ də münaqişədən qabaqkı fikirlərlə yaşayırlar.
Düşünürlər ki, regionun gündəliyini müəyyənləşdirə bilərlər, buna doğru
addımlar atırlar. Ancaq onların addımları effektiv olmur. Çünki təsir imkanları
azalıb, həm siyasi, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionda
zəifləyiblər”.
Politoloqun fikrincə, Azərbaycanın 44 günlük müharibədən sonrakı
nailiyyətləri, ələlxüsus, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının
sürətlə dirçəldilməsi, burada irimiqyaslı layihələrin həyata keçirilməsi
dünyanı təəccübləndirir:
“Hətta bütün bunlar, daha açıq desək, bir çox ölkələri heyrətə gətirir. Çünki
ötən üç il ərzində çox mürəkkəb şəraitdə, minalanmış böyük bir ərazidə
təmizlənərək, nəhəng layihələrin həyata keçirilməsindən söhbət gedir. Azad
olunmuş ərazilərdə infrastruktur layihələrinin işlənməsi, obyektlərin,
yolların, hava limanlarının tikilməsi, sənaye parklarının yaradılması heyrət
edilməyəcək məqam deyil. Bütün bunlar dünyada Azərbaycanın nüfuzunu
möhkəmləndirir.
Azərbaycanın işğaldan azad olunmuş rayonlarının bərpasında müxtəlif ölkələr
iştirak etməyə cəhd göstərirlər, təkliflər səsləndirirlər. Özbəkistan,
Qazaxıstan, Türkiyə tərəfindən məktəblər tikilir, enerji istehsalı,
yol-nəqliyyat infrastrukturunun qurulması ilə əlaqədar layihələr icra olunur.
Türk şirkətləri ilə bərabər, Macarıstanın və Slovakiyanın qurumları da
ayrı-ayrı kəndlərin bərpasında iştirak edirlər. Bütün bunlar ondan xəbər verir
ki, Azərbaycanla iqtisadi münasibətlərin qurulması sahəsində maraqlar artır,
dünya dövlətləri ölkəmizlə əlaqələri möhkəmləndirməyə cəhd edir.
Bütün bunların yekununda qeyd etmək olar ki, 44 günlük müharibə nəinki
geosiyasi, eyni zamanda, regionun geoiqtisadi landşaftını dəyişib və
dəyişməkdədir”.
Aysel Aslan