Qarabağa aid filmlərin çəkilməsinə nə MANE OLUR? – Deputatdan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin Kino Sənəti Akademiyası “Oskar” film mükafatlarına namizədlərin qısa
siyahısını təqdim edib.
“Beynəlxalq bədii film” kateqoriyasında 15 film təqdim olunub, onun içərisində
Ermənistanın çəkdiyi “Amerikalı” filmi də yer alıb. Film qondarma erməni
soyqırımı zamanı sağ qalan və ABŞ-yə gedən bir gəncin həyatından bəhs edir.
Azərbaycanda Qarabağ müharibəsinə həsr edilmiş bir neçə film var. 44 günlük
qələbəmizdən sonra bu sahədə daha uğurlu filmlərin çəkiləcəyi, beynəlxalq
müsabiqələrə təqdim olunacağı gözlənilirdi. Lakin hələlik İkinci Qarabağ
müharibəsindən bəhs edən və səs-küy yaradan yeganə film rejissor Vaqif
Mustafayevin çəkdiyi “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub. Bu
mövzuda bir neçə rejissorun qısa filmi də nümayiş olunanlar arasındadır. Amma
tammetrajlı bədii film çox azdır.
Bəs Azərbaycanda nə zaman Qarabağa aid dünyaya çıxacaq film çəkiləcək? Belə
filmin çəkilməsinə nə mane olur?
Onu qeyd etmək yerinə düşər ki, ötən il ölkəmizdə kino sahəsi ilə bağlı bir
sıra yeniliklər olub. Belə ki, 2023-cü ildə Kino Agentliyi yaradılıb, Kino
Forumu keçirilib və ölkədə fəaliyyət göstərən iki kino ittifaqı bir ad altında
birləşib. Bizə hələlik bunların gələcəkdə film sənayesinin inkişafında mühüm
rol oyanacağına inanmaq qalır.
Milli Məclisin deputatı, “Dolu” filminin ssenari müəllifi Aqil Abbas məsələ
ilə bağlı Bizim.media-ya açıqlamasında burada siyasi məsələlərin rol oynadığını
deyib:
“Azərbaycanda xeyli yaxşı film var. Sadəcə, “Oskar” siyasi təşkilatdır. Onlar
erməniləri gözümüzə soxmaq üçün erməni filmini ora dəvət ediblər. Bütün dünya
bilir ki, erməni soyqırımı olmayıb, amma bundan istifadə edirlər. Yəni bunu
dərd eləmək lazım deyil. Gün gələr biz sözümüzü deyərik”.
Deputat son illər ölkədə bir neçə dünyasəviyyəli filmin çəkildiyini bildirib:
“Sarı gəlin”, “Yalan” filmləri son illərdə ölkədə çəkilən dünyasəviyyəli
filmlərdir. “Fəryad” və “Dolu” filmi müharibə ilə bağlıdır, döyüş səhnələri
var. Dünya müsabiqələri ona görə bunu qəbul etmirlər. Döyüş səhnələri olan
filmləri isə beynimizə yeridirlər, amma bizim elə filmlərimizi qəbul etmirlər,
eləməyəcəklər də… “Yalan” çox gözəl filmdir, məmnuniyyətlə istərdim ki,
müsabiqədə iştirak eləsin. Amma qəbul etməzlər, çünki “Oskar” siyasidir.
“Nobel” mükafatı da siyasidir”.
Yazıçı İkinci Qarabağ müharibəsindən bəhs edən film üçün yazdığı ssenarinin
artıq hazır olduğunu da qeyd edib:
“Ssenari hazırdır, amma hələ təqdim etməmişəm”.