Qarabağa məxsus üzüm sortları təsdiqlənib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda şərab istehsalı üçün ting istehsalı genişləndirilir”.
Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və
Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru Vüqar Səlimov deyib.
O bildirib ki, 2023-cü ildən İnstitutun Şamaxı Üzüm Tingçilik Mərkəzi
fəaliyyətə başlayıb: “Artıq bu mərkəzdə dünya standartlarına uyğun olan, müasir
tələbatlara cavab verən, üzüm istehsalçılarının, emal müəssisələrinin
tələblərinə cavab verən, əsasən yerli texniki üzüm sortlarından ibarət
filloksera zərərvericisinə qarşı davamlı calaq tinglər istehsal olunur. Ötən il
mərkəzdə 280 minə qədər yerli texniki üzüm sortlarından fillokseraya davamlı
calaq tinglər istehsal olunub”.
V. Səlimov deyib ki, yerli şərab brendlərinin istehsalında texniki sortlar
mühüm əhəmiyyət kəsb edir: “Şərabçılıqda ən önəmli məsələ milli şərab
brendləridir. Yerli şərab brendlərinin inkişafı texniki üzüm sortlarından
aslıdır. Şamaxı Üzüm Tingçilik Mərkəzində “Bayanşirə”, “Mələyi”, “Mədrəsə” ,
“Xindoqnı”, “Şirvanşahı” kimi yerli texniki üzüm sortlarından ilk dəfə olaraq
calaq tinglər istehsal olunub. Bu sortlar milli şərab brendlərinin ixracının
genişlənməsinə səbəb ola bilər”.
O əlavə edib ki, İnstitutda milli brendlərin istehsalı və ixrac potensialının
yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli
üsullarla artırılır: “İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin
edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır”.
Süfrə üzümün istehsalına toxunaraq, V. Səlimov bildirib ki, onun hesabına
daxili tələbat, demək olar ki, tam ödənilir: “Ölkəyə idxal edilən quru üzüm
əhalinin yalnız 20 % təlabatını ödəyir. Bu baxımdan quru üzüm sortlarının
istehsalının genişləndirilməsi imkanları var”.
KTN rəsmisi vurğulayıb ki, Azərbaycanda üzümçülük və şərabçılıq prioritet sahə
hesab edilir: “Bu sahənin inkişafı ilə bağlı bir neçə dəfə dövlət proqramları
qəbul olunub. Hazırda “2018-2025-ci illərdə Azərbaycanda şərabçılıq inkişafına
dair Dövlət Proqramı” icra edilir. Burada qarşıya qoyulan hədəflərdən biri üzüm
sahələrinin genişləndirilməsidir. Dövlət proqramına uyğun olaraq ölkədə yeni,
müasir standartlara cavab verən üzüm bağları salınır. İl ərzində yeni salınan
üzüm bağlarının sahəsi 7,1 % artıb. Ötən il 224,5 min ton məhsul yığılıb ki,
bu, 2022-ci illə müqayisədə 5,6 % çoxdur”.
V. Səlimov bildirib ki, Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır:
“İnstitut yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla
öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq
barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən 2019-cu ildə Azərbaycana məxsus 70
sort-nümunə, 2022-ci ildə 174 sort nümunə, 2023-cü ildə isə 118 sort nümunə
(cəmi 392) molekulyar genetik analiz olunub. Bunlar arasında 30-a qədər Qarabağ
və Şərqi Zəngəzur bölgəsinə məxsusi üzüm sortları da vardır. Bu işlər yerli
sortlarımızın təmiz genetik profillərinin müəyyən edilməsi, onların başqa
ölkələr tərəfindən mənimsənilməsinin qarşısının alınması, gələcəkdə bioloji və
genetik baxımdan təmiz sertifikatlı əkin materialının istehsalı məqsədilə
həyata keçirilir.
Araşdırmalar nəticəsində Qarabağa məxsus onlarla sortun, o cümlədən “Qara
lkeni”, “Xindoqnı”, “Qaraşirə”, “Arayatlı” qara üzümü, “Azıx” üzümü və s. üzüm
sortunun genom xəritəsi, molekulyar-genetik xüsusiyyətləri öyrənilib, ampelo və
fenotipik deskriptorlarla təsviri həyata keçirilib. Genetik analizlər
nəticəsində sortların genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib”
Onun sözlərinə görə, Üzümçülük və Şərabçılıq ET İnstitutunda yeni, müasir və
cihazlarla təchiz olunmuş “molekulyar-genetik laboratoriya” da artıq fəaliyyətə
başlayıb. Burada ilk dəfə olaraq 94 yerli üzüm sortunun genom quruluşu tədqiq
edilmiş və müqayisəli təhlil edilib. Bu istiqamətdə işlər daha da
genişləndiriləcək. Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq
Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə
öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas
morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və
Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız
olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir
edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və
toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi
göstəriciləri mühüm rol oynayır, V. Səlimov əlavə edib.