7f3c7d0a-147f-4db2-8e8e-39fc55028e4f..jpg

“Qarabağda Ermənistanın və onun havadarlarının separatçılıq planları suya düşdü” – ŞƏRH + FOTO

Baxış sayı: 531 dəfə baxılıb.

“Qarabağda Ermənistanın və onun havadarlarının separatçılıq planları suya
düşdü” – ŞƏRH + FOTO

“Son zamanlar Qarabağdakı ermənilərin köçü ilə bağlı videogörüntülər
paylaşılmaqdadır. Görüntülərdən aydın görünür ki, əksəriyyəti bölgəni
birdəfəlik tərk edir. Xatırlayırsınızsa, 10 Noyabr razılaşmasından sonra
ərazidə qalan ermənilər müxtəlif yerli və xarici mediaya açıqlamalarında
əllərində silahla çıxışlar edirdilər ki, onlar sonacan ərazidə qalacaqlar. Yəni
Azərbaycan ərazisində həmin insanlar terrorçuluq edəcəkdilər”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya
pasportu daşıyan ermənilərin Xankəndini tərk etməsi haqqında danışarkən Milli
Məclisin deputatıAydın Hüseynov deyib. O vurğulayıb ki, Ermənistan və
havadarlarının Qarabağdakı bu planları baş tutmadı:

“Maraqlıdır ki, həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlarıdır və onlar
bölgədə separatizmi alovlandırmağa çalışan və ona dəstək verən şəxslərdir.
Köçdən belə başa düşmək olar ki, onların arxalarındakı güc başa düşdü ki, artıq
bölgədə “Donbas”, “Dnestryanı” kimi ssenarilər baş tutmadı və tutmayacaq.
Könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı açıq-aşkardır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərə
Azərbaycan qanunları ilə yaşamaq üçün təkliflər verib. Rəsmi Bakı hər zaman
yerli ermənilərin qanun çərçivəsində yaşamağına dəstək verib. Xüsusilə
vurğulayaq ki, Qarabağdakı “rus icması” daim Xankəndidəki separatçılarla
əlaqəli olub və bölgədəki separatizmi dəstəkləyib. Bəzən Rusiya vətəndaşlığı
ilə bağlı pasportların paylanılması şayiələri də yayılırdı. Köçdən o da
anlaşılır ki, Azərbaycanda “russkiy mir” (“rus dünyası”) iddiası da baş
tutmadı”.

Aydın Hüseynov vurğulayıb ki, Rusiya sülhməramlıları 10 Noyabr razılaşmasına
əsasən, bölgədən erməni silahlılarının çıxarılmasını yerinə yetirməli idilər:

“Lakin bu baş tutmadı. Üstəlik, sülhməramlılar Qarabağa Ermənistandan hərbi
təyinatlı məhsulların və hərbi texnikaların daşınmasına nəinki göz yumur, hətta
köməklik edirlər desək, yanılmarıq.

Dəfələrlə sülhməramlıların Qarabağa erməniləri gətirdiklərini, Qarabağdakı
ermənilərə ərzaqların paylanılmasını, yardım kampaniyası adı altında müxtəlif
fəaliyyətlərini gördük. Lakin bunların heç biri onların missiyalarına aid
deyil. Noyabr razılaşmasından sonra bölgədəki ermənilər bir il müddətinə
ərazidən çıxarılmalı idi, amma bu da baş vermədi.

Köç məsələsinə gəldikdə isə bir daha qeyd etmək lazımdır ki, həm Ermənistanın,
həm də onun arxasında duranların Qarabağdakı ermənilərdən separatçılıq və
müxtəlif siyasi məqsədlərlə istifadə etməyi nəzərdə tutduqları planları suya
düşdü. Ölkə başçısıİlham Əliyev dəfələrlə öz çıxışlarında Qarabağdakı
ermənilərə mesajlarını verib. Bu mesajlarda bildirib ki, ermənilər ya
Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Yəni ya
inteqrasiya edəcəklər, ya da torpaqlarımızı tərk edəcəklər”.

Laçın yolu ilə bağlı da fikir bildirən deputat vurğulayıb ki, ermənilərin
“blokada” iddiası da, şübhəsiz, yalandır:

“Çünki demək olar, hər gün Laçındakı buraxılış məntəqəsindən keçən ermənilərlə
bağlı videolar paylaşılmaqdadır. Onlar rahat, maneəsiz şəkildə gedib-gəlirlər.
Ermənilərə qarşı heç bir blokadadan söhbət gedə bilməz”.

Qeyd edək ki, Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış
məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Həmin şəxslərin
əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan, əsasən,
Qarabağda separatçılığı dəstəkləyən insanlardır.

Aysel Aslan

Source link