709bc263-1e67-4413-b365-4524d553b028..jpg

Qarabağda icra edilən yol layihələri ilə bağlı son vəziyyət açıqlanıb – FOTO/VİDEO

Baxış sayı: 644 dəfə baxılıb.

Qarabağda icra edilən yol layihələri ilə bağlı son vəziyyət açıqlanıb –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri
Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu
layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə
və Ağdam rayonlarında olub.

Bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, qış fəsli və çətin relyefli ərazilər olmasına baxmayaraq,
dövlət başçısının tapşırıq və sərəncamları əsasında AAYDA tərəfindən işğaldan
azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə
verilmədən davam etdirilir. Bunun üçün ərazilərə kifayət qədər texnika və canlı
qüvvə səfərbər olunub.

Səfər çərçivəsində Saleh Məmmədov Prezidentin sərəncamı ilə yenidən qurulan və
ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirib.

Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi,
yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi
ilə torpaq işləri icra olunur. Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən
qurulur.

Daha sonra İdarə Heyətinin sədri Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu
km-dən ayrılan və 35,5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə-Ağdam
avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və
uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə
yetirilməsi ilə tanış olub.

Qeyd edək ki, hər iki avtomobil yolu Prezidentin sərəncamı ilə II texniki
dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulacaq.

Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan agentliyin İdarə Heyətinin
sədrinə məlumat verilib ki, yollar boyunca köhnə örtüyün söküntüsü, yararsız
qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun
şəkildə, yüksək səviyyədə icra olunur.

S.Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu
layihələrinin “İnşaat norma və qaydaları”na uyğun vaxtında və keyfiyyətlə
yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.


Source link