e095ed13-e78f-4569-bec4-824f3cfa12b4..jpg

Qarabağda qanunsuz hərbi fəaliyyətin maliyyələşməsində beynəlxalq bankların iştirakı – ARAŞDIRMA + FOTO

Baxış sayı: 500 dəfə baxılıb.

Qarabağda qanunsuz hərbi fəaliyyətin maliyyələşməsində beynəlxalq bankların
iştirakı – ARAŞDIRMA + FOTO

Uzun müddət davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlledici
mərhələsi hesab edilən 2020-ci il Qarabağ müharibəsinin Azərbaycanın hərbi və
siyasi qələbəsi ilə başa çatması konfliktin tarixə keçməsi ilə nəticələndi.

Lakin bəzi ölkələrin müxtəlif dairələri tərəfindən Cənubi Qafqaz regionunda
məhz yeni geosiyasi reallıqları dəyişmək və ya rəsmi Bakıya qarşı təzyiq aləti
saxlamaq məqsədi ilə Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli
vətəndaşlardan müxtəlif metodlarla istifadə olunmasına cəhd edilir.

Hazırda postmünaqişə dövrünün mühüm mərhələsi hesab edilən (rəsmi Bakı ilə
Qarabağda yaşayan yerli əhali arasında) dialoq mexanizminin genişləndirilməsi
ilə erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının müzakirəsini, eləcə də
reinteqrasiya prosesini baltalamaq məqsədi daşıyan bəzi siyasi addımlar,
həmçinin hərbi və terrorçuluq fəaliyyəti müşahidə edilir.

Bir neçə ay öncə Qarabağa gələrək separatçı ideyalar ilə sadə erməni
vətəndaşları Azərbaycana qarşı mübarizəyə səsləyən Ruben Vardanyan tərəfindən
yaradılan “Biz və dağlarımız” (“Мы – наши горы”/“We Are Our Mountains”) adlı
inkişaf agentliyi Ermənistan dövləti və beynəlxalq qurumlarla əməkdaşlıq
çərçivəsində Qarabağda “humanitar fəaliyyət” adı altında bir sıra layihələr
icra etməkdədir. Agentliyin rəsmi saytında geniş ictimaiyyətlə bölüşülən və
icra edilən layihələr içərisində “Davit Bek Gənclər Çempionatı” (“Davit Bek
Youth Championship”/“Юношеский Чемпионат “Давид-Бек”) adlı sistemli hərbi təlim
və hazırlığı özündə ehtiva edən yarışın keçirilməsi üçün ianə toplanmaqdadır.

Gənclər arasında keçirilən idman yarışı olaraq adlandırılan bu tədbirin
Xankəndi şəhərində fəaliyyət göstərən məktəblərin 16-18 yaş aralığında olan
oğlan və qızları arasında keçirilməsi planlaşdırılır. Verilən informasiyaya
əsasən, cari ilin yanvar-may ayları ərzində keçiriləcək yarışın ümumi
büdcəsinin təxminən 212 min ABŞ dolları həcmində olduğu qeyd olunur. Tədbirin
keçirilməsində məqsədin gənclər arasında hərbi mövzuların təbliğ edilməsi,
gənclərin döyüş əməliyyatlarına hazırlığının təmin edilməsi və təcrübəli döyüş
hissələrinin formalaşdırılması olduğu qeyd edilir.

Azərbaycan Respublikasının beynəlxalq hüquq və normalar çərçivəsində suveren
ərazisi olaraq qəbul edilən Qarabağ ərazilərində hərbi idman növü adı altında
yerli gənclərin separatçı və terrorist fəaliyyətlər üçün hazırlanması
qəbuledilməzdir. “Biz və dağlarımız” (“Мы – наши горы”/“We Are Our Mountains”)
inkişaf agentliyi tərəfindən həyata keçirilən və Qarabağdakı separatçı
rəhbərlik və ona məxsus qanunsuz hərbi qruplaşmalar tərəfindən təchizat, o
cümlədən hərbi personalla dəstəklənən layihəyə agentliyin saytında ianə
yığılması davam etdirilir.

İanələrin edilməsi bank köçürmələri və kredit kartı ilə mümkündür və bu proses
zamanı əsas hesab Ermənistan mənşəli AMERIABANK-a məxsus olsa da, dollarla
ediləcək köçürmələr (USD) üzrə müxbir bankın (“correspondent bank”) CITIBANK
NA, NEW YORK, avro (EUR) üzrə RAIFFEISEN BANK INTERNATIONAL AG, VIENNA, rubl
(RUB) üzrə isə RAIFFEISEN BANK, MOSCOW olduğu məlum olur.

Bundan başqa, Ermənistanda muzdlu döyüşçülərin yetişdirilməsi məqsədi ilə
2014-cü ildə peşəkar erməni hərbçilər, o cümlədən veteranlar tərəfindən
yaradılan “VoMA” hərbi qruplaşmasının fəaliyyətini də qeyd etmək lazımdır.
Qruplaşmanın rəsmi saytında qeyd edilən məlumatlara əsasən, sadə vətəndaşların
və müxtəlif ölkələrdə yaşayan diaspor ermənilərinin Ermənistanın müxtəlif
regionlarında, o cümlədən Azərbaycanın Qarabağ ərazisində yerləşən hərbi
düşərgələrdə təlimlərə cəlb edildiyi məlum olur.

“VoMA” hərbi qruplaşması fəaliyyətinin davamlılığını təmin etmək məqsədi ilə
təşkilatın büdcəsinə müxtəlif ödəmə sistemləri vasitəsilə ianələr qəbul
etməkdədir. Çox təəssüflə qeyd etmək lazımdır ki, təşkilatın rəsmi saytında
verilən məlumatlara əsasən, yuxarıda adıçəkilən hər iki bankın “VoMA”nın da
maliyyələşmə prosesində rol oynadığı məlum olur. Belə ki, təşkilata dollarla
(USD) ediləcək ianələr üzrə vasitəçi bank CITIBANK NA, NEW YORK, avro (EUR)
üzrə RAIFFEISEN ZENTRALBANK OESTERREICH, AG rubl (RUB) üzrə isə PAO SBERBANK
MOSKVA-dır. Maliyyələşmə prosesində hər iki qərb mənşəli bankla yanaşı, bu dəfə
qonşu Rusiya Federasiyasının ən önəmli bankı hesab edilən SBERBANK da iştirak
edir.

“VoMA” hərbi qruplaşması tərəfindən xüsusi hərbi təlimlər almış erməni
muzdluların yalnız Ermənistanın dövlət sərhədləri daxilində deyil, həm də
Qarabağ ərazilərində qanunsuz hərbi fəaliyyətləri haqda açıq mənbələrdə kifayət
qədər məlumat var. Müharibədən öncə müxtəlif dövrlərdə erməni gənclərinin,
hətta məktəbli şagirdlərin Kəlbəcər və digər işğal altında olan ərazilərə hərbi
təlimlər məqsədi ilə gətirilməsi təşkilat tərəfindən geniş ictimaiyyət üçün
işıqlandırılıb.

II Qarabağ müharibəsi dövründə təşkilat Azərbaycana qarşı aktiv hərbi
əməliyyatlarda iştirak edib və Azərbaycan Respublikası Baş Prokurorluğu
tərəfindən silahlı birləşməyə qarşı cinayət işi başlanıb. Açılan cinayət işi
əsasında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan
silahlı birləşmənin yaradılması, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim
keçilməsi, həmin silahlı birləşmə tərkibində vaxtı ilə işğal olunmuş ərazilərdə
terrorçuluq əməllərinin törədilməsi, həmçinin Ermənistan ərazisindən gələrək
“Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin
dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və
antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı hərbi
fəaliyyət müəyyən edilib. Hazırda Azərbaycan-Ermənistan şərti dövlət
sərhədlərinə yaxın ərazilərlə yanaşı, Qarabağ iqtisadi rayonunun Xankəndi
şəhərində də təşkilatının filialı fəaliyyət göstərir. “VoMA”nın rəsmi saytına
yerləşdirilən 2021-ci ilə dair təşkilatın maliyyə hesabatına əsasən, əldə
edilən gəlirlərin bir qismi Qarabağdakı separatçı ünsürlər üçün xüsusi
avadanlıqların alınması adı altında xərclənib. Hesabat ilində təşkilat
tərəfindən həcminə görə ikinci ən çox maliyyə vəsaitinin (təxminən 55 min ABŞ
dolları) Qarabağa aid edilməsi “VoMA”nın Azərbaycan ərazilərində qanunsuz
fəaliyyətinin davam etməkdə olduğunu bir daha göstərir.

Azərbaycanın suveren ərazilərində “Biz və dağlarımız” (“Мы – наши горы”/“We
Are Our Mountains”) inkişaf agentliyi və “VoMA” hərbi qruplaşması tərəfindən
həyata keçirilən qanunsuz hərbi təlimlər, muzdlu qüvvələrin yaradılması və
onların hərbi təchizat ilə təmin edilməsi kimi separatçı fəaliyyətlərin
maliyyələşdirilməsində CITIBANK NA, RAIFFEISEN BANK və SBERBANK kimi qlobal
xarici bankların dolayı yolla iştirak etməsi beynəlxalq cinayətdir. Həmçinin
adıçəkilən bankların bu fəaliyyəti beynəlxalq komplayns qaydalarının və
korporativ iş etikasının pozulmasıdır. Azərbaycanın yurisdiksiyası altında olan
Qarabağ ərazilərində hər hansı bank fəaliyyəti yalnız Azərbaycan
Respublikasının Mərkəzi Bakı tərəfindən verilmiş lisenziya əsasında baş tuta
bilər. Bu şərtə əməl etməyən istənilən bank əməliyyatı Azərbaycan qanunlarına
zidd olmaqla yanaşı, beynəlxalq bank sisteminin prudensial qaydalarını əks
etdirən Bazel Prinsiplərinin tələblərini də pozmuş olur. Hazırda CITIBANK NA,
RAIFFEISEN BANK və SBERBANK terrorçuluq fəaliyyəti açıq mənbələrlə sübuta
yetirilən hər iki təşkilatın maliyyələşmə prosesində iştirak etməkdədir. Buna
görə Azərbaycan tərəfi adıçəkilən bankların və onlarla birgə fəaliyyət göstərən
bütün şəxslərin Qarabağdakı əməliyyatlarını qanunsuz hesab edir və onların
fəaliyyətinə yenidən baxmağı tələb edir.

APA İnformasiya Agentliyi

Source link