Qarabağda Rüstəm Muradovu əvəz edəcəyi iddia olunan general kimdir? - DOSYE

Qarabağda Rüstəm Muradovu əvəz edəcəyi iddia olunan general kimdir? – DOSYE

Baxış sayı: 2. 457 dəfə baxılıb.

Qarabağda sülhməramlı missiyanı icra edən Rusiya hərbi kontingentinin komandanı Rüstəm Muradovu, general-leytenant Aleksey Avdeyev əvəzləyə bilər.

Aleksey Yuryeviç Avdeyev 1967-ci ilin mayın 17-də Özbəkistan SSRİ-nin paytaxtı Daşkənd şəhərində anadan olub.

1984-cü ildə Sverdlovsk şəhərinin (Yekaterinburq) Suvorov Hərbi məktəbini, 1988-ci ildə isə V.İ.Lenin adına Daşkənd hərbi məktəbinin məzunudur. Hərbi məktəbi bitirdikdən sonra, 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif vəzifələrdə xidmət aparıb.

1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirib. 2008-ci ildə Rusiya Federasiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında təhsilini uğurla başa vurub.

Buradakı təhsilini başa vuran Aleksey Avdeyev Sibir Hərbi Dairəsində motoatıcı diviziyaya komandir təyin olunub.

2012-ci ildə Rusiya Prezidentinin sərəncamı ilə 6-cı Ümumqoşun ordusunun qərargah rəisi – komandanın birinci müavini təyin edilib.

2012-ci ilin dekabrın 13-də Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Aleksey Avdeyevə general-mayor hərbi rütbəsi verilib.

2014-cü ilin iyulundan 2017-ci ilin aprelinə qədər 29-cu Ümumqoşun ordusunun komandanı olub.

2016-cı ilin iyunun 11-də general-leytenant hərbi rütbəsi alıb.

Aleksey Avdeyev 2018-2019-cu illərdə Rusiya Silahlı Qüvvələri Ümumqoşun Akademiyasının rəisi kimi xidmət göstərib. 2019-cu ildən bu günə qədər Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsini icra edir.

“Vətən qarşısında xidmətlərinə görə” medalının üçüncü və dördüncü dərəcələri, “Jukov” ordeni, “Dostluq” ordeni, “Suvorov” medalı ilə təltif edilib.