01fdb29b-f6c0-4a22-a526-210ca3b18cff..jpg

Qarabağda soyqırımı kompleksi yaradılacaq? – ŞƏRH + FOTO

Baxış sayı: 885 dəfə baxılıb.

Qarabağda soyqırımı kompleksi yaradılacaq? – ŞƏRH + FOTO

Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasından sonra torpaqlarımıza
nəzarəti həyata keçirən ordumuz azad olunmuş ərazilərdə ermənilər tərəfindən
törədilən soyqırımlarının izlərini aşkar etməyə başladılar. Birinci Qarabağ
müharibəsi zamanı azərbaycanlılara ağlasığmaz işgəncələr verən, vandalizm
əməllərinə əl atan Ermənistan Ballıqaya, Qaradağlı, Xocalı, Ağdaban və digər
bunun kimi qətliamların müəllifidir. Artıq bu soyqırımlarının qalıqları bir-bir
aşkar olunmağa başlayır.

Erməni vəhşiliklərini əks etdirən kütləvi məzarlıqlardan ilki Kəlbəcərin
Başlıbel kəndində aşkarlandı. Daha sonra isə Xocavəndin Edilli kəndində və
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan da
insan sümükləri tapıldı və bu skeletlərin 1992-ci ildə öldürülərək basdırılan
azərbaycanlılara aid olması haqqında fikirlər səsləndirildi. Birinci Qarabağ
müharibəsinin müsibətlərinin daha genişmiqyaslı olduğunu qeyd edən ekspertlər
isə Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında daha çox kütləvi
məzarlıqların aşkarlana biləcəyini istisna etməyiblər.

Bu faktların üzə çıxmasından sonra Qarabağda azərbaycanlılara qarşı
soyqırımını əks etdirən kompleksin yaradılması təklifləri səsləndirildi.
Tarixçilər, ictimaiyyət nümayəndələri hesab edirlər ki, azad olunmuş
ərazilərimizdə tapılan kütləvi məzarlıqlar Quba Soyqırımı Memorial Kompleksinin
nümunəsində işlənə və ziyarətçilərə açıq elan oluna bilər.

Bununla əlaqədar Cixisyolu.com-a danışan tarixçi, deputat Anar İsgəndərlinin
fikrincə, Qarabağda törədilən erməni vəhşiliklərini, soyqırımı izlərini dünyaya
tanıtmaq üçün aşkar edilmiş kütləvi məzarlıqların ziyarət məkanına çevrilməsi
məqsədəuyğundur:

“Böyük Qayıdışa hazırlıqla paralel olaraq, əsas məqamlar da düşünülməlidir.
Erməni vandalizminin qurbanı olan abidələrimizin bərpası, soyqırımı
məzarlıqlarının kompleksə çevrilməsi, başımıza gətirilən müsibətlərin dünyaya
çatdırılması önəmlidir. Kütləvi məzarlıqlar əlimizdə olan faktlar, aşkar
sübutlardır. Artıq azad olunmuş ərazilərimizə turist səfərləri də başlayıb.
Xarici qonaqların, turistlərin bu ziyarətlərdə iştirakı da mümkünləşəcək. Ona
görə həmin məzarlıqların erməni vəhşiliyinin ən bariz nümunəsi kimi dünyaya
göstərilməsi vacibdir. Gözü görməyən, qulağı eşitməyən dünya birliyi, əslində,
soyqırımına məruz qalan xalqın azərbaycanlılar olduğunu artıq dərk etməlidir.
Ermənilərin törətdikləri faciələri gizlətmələrinə imkan verməməliyik. Mən dəqiq
bilirəm ki, dövlət səviyyəsində bu barədə planlar var. 1918-ci ildə xalqımıza
qarşı törədilmiş mart soyqırımını əks etdirən Quba Soyqırımı Kompleksi ən
əhəmiyyətli sübutlardan biri hesab edilir. Hər il yüzlərlə insan bu kompleksi
ziyarət edir. Məhz Qarabağda da bu cür komplekslər yaradılması düzgün olardı”.

Aysel Aslan

Source link