f45c6d7e-e958-4603-aadb-05c45933c04e..jpg

“Qarabağda təhlükəsizlik təmin olunduğundan YUNEKO-nun missiyası da bura dəvət edilməlidir” – ŞƏRH

Baxış sayı: 625 dəfə baxılıb.

“Qarabağda təhlükəsizlik təmin olunduğundan YUNEKO-nun missiyası da bura dəvət
edilməlidir” – ŞƏRH

“Azərbaycanın siyasəti həmişə beynəlxalq ictimaiyyət üçün açıq olub.
Planlarımız və niyyətlərimiz haqqında həmişə açıq şəkildə mövqe bildirmişik.
Torpaqlarımız işğal altında olduğu illərdə bu duruma danışıqlar yolu ilə son
qoyulmazsa, güc yolu ilə ədaləti bərpa etdirəcəyimizi açıq şəkildə demişik.
Ordumuzu gücləndirdiyimizi, yeni silahlar aldığımızı dəfələrlə bəyan etmişik.
Amma beynəlxalq ictimaiyyət çağırışlarımıza əhəmiyyət vermədi və BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qaldı. Beləliklə, üç il
əvvəl dövlətimiz öz suveren ərazilərini müharibə yolu ilə azad etməyə məcbur
oldu”.

Bu fikirləri Cixisyolu.com-a Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib
ki, Azərbaycan qalib tərəf kimi Ermənistana sülh əlini uzatdı və Qarabağdakı
ermənilərə cəmiyyətimizə reinteqrasiya olunaraq, bayrağımız altında birgə
yaşamağı təklif etdi:

“Amma xarici havadarlarına arxayınlaşan Ermənistan isə öz çirkin
niyyətlərindən əl çəkməyərək, torpaqlarımızda separatizm dəstəkləməkdə davam
etdi. Azərbaycan lokal xarakterli antiteror tədbirlərinin aparılmasına məcbur
oldu. 24 saata yaxın aparılan antiteror tədbirləri sayəsində qeyri-qanuni
silahlılar ağ bayraq qaldırdılar və keçmiş qondarma qurum təslim olduğunu elan
etdi. Biz Qarabağda yaşayan ermənilərə vətəndaşlığımızı qəbul edərək
qanunlarımız altında yaşamağı təklif etdik. Amma Ermənistan və separatçılar
sadə ermənilərə təzyiq edərək, kütləvi köç etmələrinə məcbur etdi. Azərbaycan
hər bir insanın yaşayış yerinin seçiminə hörmətlə yanaşaraq, Ermənistana
könüllü getmək istəyən şəxslərə qapıları açdı. Hətta polisimiz ərazilərimizdən
könüllü çıxan erməniləri qida vasitələri ilə təmin edərək təhlükəsizliklərini
təmin etdi. Ermənistan isə ermənilərin torpaqlarımızdan çıxmasına siyasi don
geyindirərək, yenə də yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa
çalışdı. Azərbaycan bu gün də Qarabağda yaşayan ermənilərə mədəni, dini,
təhsil, bələdiyyə və digər hüquqları təmin edəcəyini bildirməkdə davam edir.
Amma humanizm üzərində qurulmuş çağırışlarımıza məhəl qoymayaraq, ərazilərimizi
tərk edən ermənilər separatçıların və Ermənistanın çirkin planlarının qurbanına
çevrilirlər.
Azərbaycan torpaqları işğal altında olduğu dövrdə BMT və digər beynəlxalq
təşkilatlara işğal olunmuş ərazilərimizə səfər etmələrinin vacibliyini
bildirirdi. Amma Ermənistan özünün çirkin əməllərini üst-basdır etmək üçün
beynəlxalq təşkilatların misiyalarını işğal altında saxladıqları ərazilərə
buraxmadı. Bu gün isə Azərbaycan öz suveren hüquqlarını bərpa edib, əraziləri
erməni separatizmindən təmizləyib. Ona görə də suveren ərazilərimizə BMT-nin
missiyasını dəvət etdik və işğaldan azad edilmiş ərazilərdə baş verən
prosesləri öz gözləri ilə görməyə şərait yaratdıq. Bu gün BMT-nin missiyası
artıq işğaldan azad olunmuş ərazilrdə səfərdədir. Onlar erməni vandalistlərin
dağıtdığı yaşayış məntəqələrimiz və işğaldan azad olunmuş ərazilərdə qısa zaman
kəsiyində həyata keçirilən bərpa, yenidənqurma işləri ilə yaxından tanış
olacaqlar. Həm də qeyri-qanuni silahlılardan müsadirə olunmuş silahları
görəcəklər, keçirdiyimiz lokal xarakterli antiteror tədbirləri zamanı heç bir
mülki obyektin dağıdılmadığının şahidi olacaqlar. O cümlədən, ermənilərin
ərazilərimizdə yaşamaqda davam etmələri ilə bağlı Azərbaycanın humanitar və
humanizm üzərində qurulmuş baxışları ilə tanış olacaqlar. BMT-nin missiyası
Azərbaycanın heç nəyi gizlətmədiyini və bütün hərəkətləri ictimaiyyət üçün açıq
olduğunu bir daha görəcək”.

A.Badamov onu da qeyd edib ki, BMT rəsmiləri bütün bunlarla bərabər,
Ermənistanın siyasətinin beynəlxalq ictimaiyyəti aldatmaq üçün apardığı yalan
və böhtan üzərində qurulduğunun şahidi olacaqlar:

“Beynəlxalq missiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə
olmadığını və onların bütün humanitar məsələlərinin Azərbaycan dövləti
tərəfindən həll edildiyini yerindəcə müşahidə edəcəklər. Artıq Qarabağda
təhlükəsizlik təmin olunduğundan YUNEKO-nun missiyası da işğaldan azad olunmuş
ərazilərə dəvət olunmalıdır. Ermənistanın 30 ildə torpaqlarımızda həyata
keçirdiyi çirkin niyyətləri bütün beynəlxalq ictimaiyyət öz gözü ilə
görməlidir”.

Aysel Aslan

Source link