1a744ea7-60ab-4b94-8e52-dbddaa6c3e10..jpg

Qarabağdakı ermənilər Azərbaycanın həyatına qaynayıb-qarışmasalar… – ŞƏRH

Baxış sayı: 1. 004 dəfə baxılıb.

Qarabağdakı ermənilər Azərbaycanın həyatına qaynayıb-qarışmasalar… – ŞƏRH

Azərbaycanın dövlət olaraq Qarabağdakı erməni əhali ilə təmaslarının davamını
gətirmək üçün Prezident Administrasiyası çağırış edib.

Azərbaycan Qarabağ erməniləri ilə müzakirələri 2020-ci ilin 10 noyabrından
sonra başladıb, qapalı gedən bu prosesin açıq elan olunması vaxt apardı.

Keçən müddətdə təmaslar haqqında rəsmi məlumatların açıqlanmaması
təhlükəsizlik və siyasi məsələlərlə əlaqədar idi.

10 Noyabr Bəyanatının 3-cü ili ərəfəsində, 2023-cü ilin martın 1-də Xocalıda
Azərbaycan nümayəndələri ilə ermənilər arasında görüş keçirildi və bu, ilk dəfə
rəsmi şəkildə elan edildi.

Bundan sonra iki dəfə Prezident Administrasiyası Qarabağ ermənilərini görüş
üçün Bakıya dəvət etdi, lakin daşdan səs çıxdı, onlardan yox.

Qərb dairələri bu təmaslara qarşı deyil, Rusiya isə həmin müzakirələrin baş
tutmasını əngəlləmək istəyir.

Qərb Qarabağdakı ermənilərin Azərbaycan dövlətinin hüquqi-siyasi çətiri altına
və ictimai münasibətlər sisteminə inteqrasiyasının ona görə tərəfdarıdır ki,
insan hüquqları məsələsi onun siyasətində qabaran hissələrdir.

Hərçənd ki, bu inteqrasiyanın nəticə olaraq ermənilərə üstün imtiyazlar
şəklində nəticələnməsində Qərb maraqlı kimi görünür, Bakı isə Qərbin
tezislərinin bu hissəsinə qarşıdır.

Rusiyanın ermənilərin inteqrasiyasını əngəlləmək istəyinə gəlincə, Moskva
düşünür ki, inteqrasiya onun erməni kartı ilə oynamaq imkanlarını
məhdudlaşdıracaq.

Ermənistan isə gah nala, gah da mıxa vurur, sıxışdırıldığını görəndə erməni
əhalinin təhlükəsizliyini Azərbaycanın daxili işi kimi təsnif etmək siyasətinə
gedir.

Elə ki vəziyyət bir az qarışır, Rusiya ilə Qərbin regionda toqquşan
ambisiyaları üfüqlərdə parıldayır, Ermənistan da Qarabağla bağlı mövqeyini
dəyişir.

Hərçənd ki, Ermənistan Azərbaycan üçün bu mövzuda tərəf-müqabil deyil. Bununla
belə, Ermənistanda Qarabağın işğalına zəmin hazırlamaq üçün fantaziyalar da az
deyil.

Azərbaycan belə qarışıq tabloda məcburən özünün hərbi qüdrətini və
təhlükəsizlik yastıqlarını gücləndirir.

Qarabağdakı ermənilərin inteqrasiyası üçün atılan siyasi addımlar hüquqi
mexanizmlərlə bərkidilə bilər, lakin vəziyyətin yoxuşa çəkilməsi Bakı üçün
alternativ tətbiqləri şərtləndirir.

Çünki toqquşan strateji xətlər fonunda Qarabağ ermənilərinin Azərbaycan
dövlətinə inteqrasiyasına mane olacaq qeyri-konstruktiv mövqelər daha aydın
görünməyə başlayır.

Bu qeyri-konstruktivliyin bir ucunda Rusiya, digər ucunda Qərb, həmin uclar
arasındakı hissəsində isə Ermənistan dayanır.

Azərbaycan Qarabağda açıq qalan məsələlərin həllində Qərblə Rusiyanın
həndəvərində atılıb-düşən Ermənistana, təbii ki, məhəl qoymur. Çünki İrəvanın
Qarabağa təsir imkanları yoxdur və məsələ artıq Ermənistanın həm xarici, həm də
daxili siyasət gündəliyinin rəsmi hissələrindən çıxarılır.

İstənilən halda, Azərbaycan qeyri-müəyyənlik davam etdikcə Qarabağda qanunsuz
silahlı dəstələrin zərərsizləşdirilməsini hərb yolu ilə reallaşdıracaq. Paralel
olaraq isə yenidən Qarabağdakı mülki ermənilərin qarşısında seçim qoyacaq: Ya
onlar Azərbaycanın bayrağı altına keçməli, ya da ölkə ərazisini tərk
etməlidirlər – hara gedəcəkləri o qədər də önəmli deyil.

Gec, ya da tez bu baş tutacaq, ya hərbi yolla, ya da siyasi ölçüləri olan
hibrid üsullarla…

Aqşin Kərimov

Source link