57bc4f2d-0643-4d19-a5b6-5580c9f9efc0..jpg

Qarabağdakı layihələrdə iştirak üçün 1500-dən çox şirkət müraciət edib

Baxış sayı: 514 dəfə baxılıb.

Qarabağdakı layihələrdə iştirak üçün 1500-dən çox şirkət müraciət edib

İndiyədək Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə
iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1 500-dən çox şirkət müraciət
edib.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, bu ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin, “yaşıl
texnologiya”ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi,
nəqliyyat-logistika imkanlarının artırılması və digər göstəricilər regionun
inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

İşğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlverişli mexanizmlərin
yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi
istiqamətində nəticəyönümlü işlər reallaşdırılır. Bu ərazilərdə vergi, sosial
sığorta və digər güzəştlər müəyyən olunub. Qarabağ və Şərqi Zəngəzurdakı bütün
layihələr dövlət-özəl əməkdaşlığı çərçivəsində icra olunur. Hökumət azad
edilmiş ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradıb. Ağdam
və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlar dövlət hesabına
infrastrukturla təmin edilir.

Buradakı rezidentlər 10 illiyinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş
vergidən azaddır. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə
ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Bundan başqa, regionda yeni
aqroparkların yaradılmasına başlanıb. Bu qəbildən ilk layihənin – “Dost
Aqropark”ın təməli iki il öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı
ilə Zəngilanda qoyulub. Hazırda regionda 3 aqropark fəaliyyət göstərir. Bütün
bunlar ilk növbədə, yerli və xarici şirkətlərin bölgədə sahibkarlıq
fəaliyyətinə başlamasına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin
olunmasına şərait yaradır.

Source link