“Qarabağ”dan qapıçısının polis bölməsinə aparılması ilə bağlı AÇIQLAMA –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun polis bölməsinə aparması barədə
dedikləri ciddi rezonans doğurub.
O, hazırda Azərbaycandan kənarda istirahətdə olsa da, məsələ ilə bağlı
“Qarabağ”ın mətbuat katibi Anar Hacıyev açıqlama verib:
“Lunyov Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Onlar hesab
ediblər ki, Andrey yol hərəkəti qaydalarını pozub. Lunyov bununla razılaşmayıb
və avtomobil qaydalarını pozduğunu ona sübut etmək üçün bölməyə dəvət edilib.
Nəticədə Lunyov başa düşüb ki, o, həqiqətən də qaydaları pozub və bütün dünyada
olduğu kimi cərimə ödəyib. Andrey özü də iddia edir ki, müsahibə verdiyi
rusiyalı jurnalist onun dediklərini müəyyən qədər təhrif edib”, – deyə mətbuat
katibi bildirib.
Eyni zamanda “Qarabağ” təmsilçisi Lunyovla bağlı insidentin nə vaxt və harada
baş verdiyini, hansı şöbəyə aparıldığını açıqlamayıb.
18:22
“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Azərbaycanda polis bölməsinə necə
düşdüyü barədə danışıb.
“Mən çoxdan adaptasiya olmuşam, axı Azərbaycan rus dilində danışa bilənlər
ölkəsidir. Yerli sürücülük tərzinə alışmaq daha çətin idi.
Bir gün ailəmi ticarət mərkəzinə aparıb, getdim bazaya. Birdən polis maşını
məni saxladı. Dedilər ki, sən sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. O
vaxt hələ də soyuqdəyməm var idi, elə bildilər ki, içmişəm, məni şöbəyə
apardılar.
Nəticədə “Qarabağ”dan bir nəfərə zəng etdim, kömək üçün gəldi. Amma yenə də
cəriməni ödəməli oldum”, – Lunyov bildirib.
Qeyd edək ki, bu mövsüm Andrey klubunun heyətində 15 oyun keçirib, 14 qol
buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb.
Mənbə: sovsport.ru