“Qarabağ”ın UEFA Avropa Liqasında rəqiblərindən olan İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları öz çempionatlarında oyuna çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, London təmsilçisi bu gün Uelsdə “Kardif”in qonağı olub. “Arsenal” hesabda iki dəfə öndə olsa da, meydan sahibləri hesabı bərabərləşdirib. Lakin sonda “Arsenal” daha bir qol vuraraq 3:2 qalib gəlib.
“Arsenal”dan qolları almaniyalı Şkodran Mustafi, qabonlu Pyer-Emerik Obameyanq və fransalı Aleksandr Lakazet vurub. Bununla da “topçular” ardıcıl ikinci qələbəsini qazanıb və altı xalla IX sırada qərarlaşıb.
“Sportinq” isə IV turda “Feyrensi”ni məğlub edib. Yeganə qolu 88-ci dəqiqədə kabo verdeli Jovani Kabral vurub. “Sportinq” on xalla I-III yerləri bölüşür.
Qeyd edək ki, avqustun 31-də “Qarabağ”ın qrupdakı digər rəqibi – “Vorskla” da meydana çıxıb. Poltava klubu Ukrayna Premyer Liqasının VII turu çərçivəsində “Çernomorets”i 2:1 məğlub edib. Meydan sahiblərindən qolun birini Vladislav Kulaç vurubsa, digər qol rəqibin öz qapısına fərqlənməsindən sonra qeydə alınıb. Hazırda “Vorskla” doqquz xalla VII pillədədir.
Xatırladaq ki, “Qarabağ” bu həftə milli çempionatda oyuna çıxmayıb. Buna səbəb Azərbaycan Premyer Liqasının millimizin Millətlər Liqasında Kosovo və Malta yığmaları ilə oyunlarına görə təxirə salınmasıdır.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com