Xəbər verdiyimiz kimi, millimizin və “Qarabağ”ın mərkəz müdafiəçisi Elvin Yunuszadə yığma komandada nizam-intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən heyətdən çıxarılıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Neftçi”nin sabiq futbolçusu martın 27-də Makedoniya ilə Antalyada baş tutacaq görüşə aparılmayacaq.
Bəs o hansı intizam qaydalarını pozub? Futbolçu komandanın oyundan öncə keçirilən toplantıya yatıb qalaraq gecikib. Üstəlik, o, iclasa gecikən yeganə futbolçu olmayıb.
Belə ki, Kiprin “Anorsosis” klubunda çıxış edən cinah yarımmüdafiəçimiz Araz Abdullayev də onunla birgə iclasa gecikib. Məhz bu üzdən hər iki oyunçu dünən keçirilmiş Belarusla oyunun (0:1) heyətinə daxil edilməyib. Elvinin yoxluğunda müdafiənin mərkəzində cinah oyunçusu Maksim Medvedev çıxış etməli olub (qapımızdan keçən yeganə qolun müəllifi də məhz Maksim olub – S.T.).
Oyundan sonra keçirilən mətbuat konfransında bu barədə Qurban Qurbanova sual verilərkən, çalışdırıcı belə deyib:
“Futbolda xətalar olur. Səhvə yol verdiklərinə görə, bu gün onları heyətə salmadım… Onların etdiyi o qədər də ciddi xəta deyildi. Ola bilsin, biri Antalyaya getdi, biri yox. Hotelə getdikdən sonra tam qərar verəcəyəm”.
Beləliklə, Qurban Qurbanov “Qarabağ”da futbolçusu olan Elvin Yunuszadəni Türkiyəyə aparmamaq qərarına gəlib.
Seçimin Yunuszadənin əleyhinə edilməsinin iki səbəbi ola bilər. Birincisi, Elvin Yunuszadə Qurban Qurbanovun necə tələbkar məşqçi olduğunu Araz Abdullayevdən daha yaxşı bilirdi və bu qaydalara riayət etməyə borclu idi. İkincisi, Elvin Yunuszadə zatən “Qarabağ”da əsas heyət üzvü deyil. Hamıya sirr deyil ki, Bədəvi Hüseynov zədəsini sağaltdıqdan sonra “Qarabağ”da olduğu kimi, millidə də əsas heyətdəki yerinə qayıdacaq.
Araz Abdullayevin intizamsızlığına göz yumulması isə ölkə xaricində Azərbaycanı uğurla təmsil edən yeganə futbolçumuzun olması ilə bağlıdır. Düzdür, Araz millidə Berti Foqtsun vaxtında da komandanın avtobusuna gecikdiyi üçün “qara siyahı”ya düşüb. Ancaq bu onun Qurban Qurbanovlu millidəki ilk nöqsanıdır. Bu üzdən Qurban Qurbanov Millətlər Liqasında cinah keçidlərinə, ötürmələrinə və hətta qollarına ehtiyac duya biləcəyimiz Araza növbəti şansı tanımaq qərarına gəlib.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com