b41f9b54-f24e-450c-a00c-e97be39d7b74..jpg

Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə – FOTO

Baxış sayı: 585 dəfə baxılıb.

Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İsi Məlikzadənin “Qatarda” hekayəsi əsasında çəkilən teletamaşanı hamı
xatırlayır. Teletamaşa olmuş hadisə əsasında çəkilib. İsi Məlikzadə dost-tanışa
danışırdı ki, “Qatarda” hekayəsindəki pinəçi-çəkməçi əslində qatarda yol gedən
prokuror sərnişin olub. Öz başına gələnləri isə Sabir Mirzənin obrazında qələmə
alıb. O vaxt senzura olduğu üçün prokuror obrazını qeyd edə bilməyib, onu
pinəçi rolu ilə əvəzləyib. Beləcə, “Qatarda” hekayəsi, sonra onun əsasında
hamının sevərək baxdığı “Qatarda” teletamaşası yaranıb”.

Yazıçı, millət vəkili Aqil Abbas bildirib ki, bu günlərdə yazıçı dostları –
Seyran Səxavət və Vaqif Bəhmənli ilə birlikdə İsi Məlikzadənin Ağcabədidəki
məzarını ziyarət ediblər:

“İsi Məlikzadə Qarabağın koloritini yazan bir yazıçıdır. Bütün əsərləri
koloritlidir, hamısı qeyri-adi əsərlərdir. Biz yaxın dost idik. O, yaşca məndən
böyük idi. Mən onun bütün nəsil-nəcabətini tanıyıram. Atası Abbas kişi də çox
ağıllı bir adam idi. Dərin yumor hissi vardı. İsinin zarafatları, yumoru da
ondan gəlirdi. İsi mənim çox sevdiyim adam idi. Gözəl piano çalırdı, yaxşı da
səsi vardı. Birlikdə çox yaddaqalan günlər keçirmişik”.

“Kaspi”

qəzeti yazıçı İsi Məlikzadəni anıb:

Ölümün də İsi Məlikzadə üçün fərqi yoxdur

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bir neçə il əvvəl İsi Məlikzadə
dünyasını dəyişəndə “Ölüm İsiylə zarafat elədi” adlı xatirə yazısı qələmə
aldığını bildirib:

“İsi Məlikzadə mənim tanıdığım və sevdiyim ən səmimi, ən duzlu və çevik
düşüncəli adamlardan biri idi. “Ədəbiyyat və incəsənət” qəzetinə işləməyə
gəldiyim ilk günlərdən tanıyırdım onu. Əslində, “onu tanıyırdım” demək düzgün
deyil, çünki İsini tanımaq həm də onun ətrafındakı bütün adamları, dostlarını,
düşmənlərini, qohum-əqrəbalarını, Ağcabədidə yaşayan atası Abbas kişini və onun
yaxınlarını tanımaq demək idi. Onların bir qismi İsi Məlikzadənin əsərlərinin
qəhrəmanlarıdır. Bir qismi isə yazılarına düşməsə də, dilindən düşmürdü…
Təəssüf ki, sağlığında rayondakı evlərinə gedə bilməmişdim, yalnız yasında görə
bildim, amma, əslində, o evi və ora bağlı olanları İsi özünəməxsus yumorla,
dönə-dönə o qədər gözəl təsvir eləmişdi ki, bilmədiyimiz bir tərəfi qalmamışdı.
İsi yazıçıların “altmışıncılar” nəslinin ən istedadlı nümayəndələrindən biri
idi. Əsərlərində həyatımıza, böyüdüyü mühitə, gördüyü dünyaya təkrarsız,
qeyri-adi bir münasibət vardı. Onun gördüyünü başqası görə bilməzdi”.

“Onu sevənlər, özünə dost sayanlar çox idi”

S.Rüstəmxanlı qeyd edib ki, İ.Məlikzadə kirayənişinlik günlərindən başlayaraq
onlara gedib-gələrdi:

“Onu sevənlər, onu dost sayanlar çox idi. Mən də onlardan biri idim. Bu
baxımdan o, böyük istedad sahibiydi. Ən maraqlısı da bu idi ki, söhbət zamanı
özü nadir hallarda gülərdi. Sözü ortaya atıb başqalarının reaksiyasını izlər və
maraqlı nəticələr çıxarardı. Qəmli vaxtlarında da gözündəki gülüş çəkilməzdi. O
qədər sərrast atmacaları vardı ki, anında doğulduğuna inanmaq olmurdu. Elə
bilirdik, günlərlə düşünüb tapdığı fikirdir. Yaxın dostlarına, yazıçılara
sataşmağı xoşlayırdı. Məsələn, Fərman Kərimzadənin onların televizorlarını
“təmir” etməsini, Tofiq Bayramla görüşə getmələrini, çap üçün verdiyi povest
haqqında Sabir Əhmədlinin rəy söyləməsini o qədər incə və tikanlı bir zarafatla
danışardı ki, gülməkdən çənəmiz ağrıyardı. İsinin bir sıra zarafatlarını yazıya
almaq mümkün deyil. Amma bəzi zarafatları da hazır bədii əsərdir; o vaxt
yazmadıqlarına görə bu gün folklor şedevridir. Bu baxımdan, Əzrayılın Yazıçılar
İttifaqına gəlişini təsvir edən söhbətləri bitmiş bir bədii əsərdir. Nə qədər
desək də, yazıya almadı”. S.Rüstəmxanlı qeyd edir ki, İsi Məlikzadə təmiz,
xeyirxah, hamıya yaxşılıq eləməyə çalışan, özünü gözə soxmağı bacarmayan,
sevimli bir insan idi: “Ağcabədidəki məzarını bir neçə dəfə ziyarət etmişəm.
Həmin qəbiristanlıqda qəribə bir rahatlıq duyuram. Ölüm də İsiylə zarafat
elədi. Belə qəbiristanlıqda yatmağa nə var ki… Özünə sataşmağı da vardı. Bir
dəfə ciddi görkəmlə demişdi: “Mən ölüm, heç belə də ad olar. Əvvəldən axıra,
axırdan əvvələ – heç bir fərqi yoxdur: İsi!” Mənə elə gəlir ki, ölümün də İsi
Məlikzadə üçün fərqi yoxdur. Onun sözü, əsərləri həmişə canlıdır, adı
dostlarının dilindədir. Elə gün olmur ki, xatırlanmasın, o dünyadan ciddi
görkəmlə baxa-baxa bizi bu dünyada güldürüb düşündürməsin…”

“Son iş yeri bizim jurnal oldu”

Tənqidçi Vaqif Yusifli İsi Məlikzadə ilə bir neçə il bir redaksiyada –
“Azərbaycan” jurnalında işləyib:

“Elə son iş yeri də bizim jurnal oldu. Çox koloritli bir insan idi. Onunla
dəfələrlə söhbət etmişəm və mənim üçün onun əsərləri nə qədər maraqlı idisə,
özü də söhbətlərində, ünsiyyətində bir o qədər maraqlıydı. Elə bil xəyalımda
ayrıca “İsi Məlikzadə” povestini vərəqləyirdim onunla söhbət edəndə. İsi
Məlikzadə xarakter ustası idi. Onun povestlərində yaddan çıxan, oxuduqdan sonra
unudulan obrazlar nəzərə çarpmır”. V.Yusifli mərhum yazıçını son dəfə –
ölümündən bir neçə gün əvvəl televiziyanın həyətində gördüyünü deyir: “Ayaq
üstə dayanmışdı, rəngi də xoşuma gəlmədi, xəstə olduğunu hiss etdim. Kömək
təklif elədim, dedi “yox”, Mövlud Süleymanlını görməliyəm. Və getdi. Bu, mənim
xəyalımda yaratdığım “İsi Məlikzadə” povestinin son cümləsi oldu. İki-üç gündən
sonra televiziyadan onun ölüm xəbərini eşitdim. 61 yaşını təzəcə keçmişdi, amma
ondan sonra cəmi 11 gün yaşadı. 1995-ci il 12 mayda vəfat etdi. Bax, bu mənada
İsi Məlikzadə öz vaxtsız ölən qəhrəmanlarına bənzədi”.

Source link