“Qarabağ”ın qapıçısı: “Bayer”lə oyundan əvvəl əzələmdə mikrozədə var idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Rəqibin çox qol epizodu olmadı. Amma komandamız uduzdu. İstərdim ki, sonadək
oynayım və matçı ən azı heç-heçə ilə başa vuraq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov UEFA
Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda Almaniyanın “Bayer”
komandasına 0:1 hesabı ilə uduzduqları oyun barədə “Match TV”yə açıqlamasında
deyib.
Rusiyalı qolkiper öz çıxışından razı qaldığını bildirib:
“Yəqin ki, yaxşı oynadım. Matçdan əvvəl əzələmdə mikrozədə var idi. Amma ciddi
deyildi. Düzdür, meydançaya çıxmaqla risk etdim. Amma eybi yoxdur. Risk
etməyənlər Yeni il ərəfəsində şampan içməzlər. Bu zədənin dizlə heç bir əlaqəsi
yox idi, başqa əhvalatdır”.
Almaniyada Leverkuzen təmsilçisinə 1:5 hesabı ilə uduzduqları görüşü
xatırlayan A.Lunyov bunun xoşagəlməz hal olduğunu söyləyib:
“Meydanda sonadək döyüşəcəyimizə inanırdım. Həmin matçda uğur qazana bilmədik.
“Bayer” 15 dəqiqə ərzində üç qol vurdu. Təəssüf ki, mənim də səhvim oldu.
Almaniyada özümü göstərmək istəyirdim, alınmadı”.
2021/2023-cü illər mövsümündə “Bayer”in formasını geyinmiş 32 yaşlı qapıçı
keçmiş komandasının onu çox mehriban qarşıladığını vurğulayıb:
“Yenidən orada olmaq xoş idi”.
Qeyd edək ki, “Bayer”lə oyunda zədələnərək əvəzlənən Andrey Lunyov növbəti
həftədən məşqlərə başlayacaq.