3e61ba1b-b81e-42b0-8ea8-4938efae9d51..jpg

Qaradağ GES xarici investisiya hesabına tikilən yaşıl enerji layihələrinin başlanğıcıdır – ŞƏRH + FOTO

Baxış sayı: 530 dəfə baxılıb.

Qaradağ GES xarici investisiya hesabına tikilən yaşıl enerji layihələrinin
başlanğıcıdır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti
tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES)
Azərbaycanda xarici investisiya hesabına inşa olunan yaşıl enerji layihələrinin
başlanğıcıdır”.

Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin
aparıcı məsləhətçisi Cavid Babayev bildirib.

Onun sözlərinə görə, ölkədə ilk sənaye miqyaslı bərpa olunan enerji layihəsi
olan Qaradağ GES-in istifadəyə verilməsi elektrik enerjisi qoyuluş gücündə
bərpa olunan enerji mənbələrinin payını 20,3%-ə çatdırıb:

“Bunun davamı olaraq, 240 MVt gücündə Xızı-Abşeron külək elektrik
stansiyasının (KES) layihəsinin tikintisi üzrə işlər davam etdirilir, həmçinin
Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq GES” layihəsi üzrə işlərin icrasına
cari ilin ikinci yarısından başlanılacaq. Bundan əlavə, “Masdar” şirkəti
tərəfindən Neftçalanın Bankə qəsəbəsində 315 MVt, Biləsuvarda 445 MVt gücündə
günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq
külək elektrik stansiyası layihələrinin icrası ilə bağlı işlər davam etdirilir.
Bununla bağlı, ötən günlərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə
Biləsuvar, Neftçala və Abşeron-Qaradağ rayonlarında bərpa olunan enerji
mənbələrinin əraziləri müəyyən edilib. Həmçinin, Qobustan rayonunda 100 MVt
gücündə günəş elektrik stansiyası layihəsi üzrə ilk hərracın keçirilməsi
nəzərdə tutulur”.

Mütəxəssisin fikrincə, dünyada ənənəvi enerji resurslarının ixracatçısı kimi
tanınan Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə diqqət
mərkəzindədir:

“Ölkənin enerji balansında yaşıl enerji mənbələrindən istehsal olunan
enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan
islahatların əsas məqsədlərindəndir. Azərbaycanda bərpa olunan enerji
mənbələrindən səmərəli istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması
və həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 22 sentyabr
tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyi yaradılıb. Yaşıl enerjiyə keçid dövlətin enerji siyasətinin
əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə yaşıl enerji sahəsində
beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və investorlarla fəal əməkdaşlıq
edilir”.

C. Babayev bildirib ki, yaşıl enerji sənayesinin inkişafı üçün müvafiq
hüquqi-normativ aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir:

“Azərbaycanda mövcud olan yüksək bərpa olunan enerji potensialı bu sahədə iri
layihələrin icrasına imkan yaradır. Bu potensialdan, kənd təsərrüfatına
yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə
elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün regionlarda
layihələrin həyata keçirilməsi planlaşdırılır”.

O qeyd edib ki, bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın
beynəlxalq enerji şirkətləri ilə 28 QVt yaşıl enerji, hidrogen və yaşıl
ammonyak layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq edilir,
2027-ci ilədək 2 QVt-lıq yaşıl enerji güclərinin yaradılması istiqamətində
işlər davam etdirilir:

“Bu il ümumi gücü 1 300 MVt olan daha 5 günəş və külək elektrik
stansiyalarının inşasına başlanılacaq. Paralel olaraq, ilkin mərhələdə 5 QVt
yaşıl elektrik, yaşıl qazların ixracı üçün Xəzər-Qara dəniz-Avropa,
Azərbaycan-Türkiyə-Avropa, həmçinin Qazaxıstan və Özbəkistandan yaşıl enerjini
nəql edəcək Azərbaycan-Mərkəzi Asiya-Avropa yaşıl enerji dəhlizlərinin
yaradılması üzrə əhəmiyyətli addımlar atılır. Ölkə başçısının müvafiq sərəncamı
ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin
gücləndirilməsi məqsədilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilib. Ümumilikdə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş
gücünün ən azı 30%-ə çatdırılması hədəf müəyyən edilib. Yaşıl enerji
mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin
qarşısının alması üçün vacibdir”.

Source link