Ölkə ərazisində bir neçə gün hökm sürən qeyri-sabit hava şəraiti, xüsusilə də
aramsız yağan yağış piyadaların təhlükəsizliyinə ciddi təhdid yaradıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Cixisyolu.com-ın sorğusuna cavab olaraq
bildirilib ki, təkcə havanın yağıntılı olduğu üç gün ərzində piyadavurma ilə
bağlı respublikamızın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi qeydə
alınıb ki, nəticədə beş nəfər həyatını itirib, altı nəfər isə xəsarət alıb.
BDYPİ rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Cixisyolu.com-a
açıqlamasında qeyd edib ki, bu cür ağır hadisələrin baş verməsinin əsas
səbəblərindən biri də sutkanın qaranlıq saatlarında insanların sürücülərin
görməsini çətinləşdirən və heç bir işıqqaytarıcı xüsusiyyəti olmayan qara
rəngli geyimlərə üstünlük verməsidir.
Sözügedən qəzaların hamısının günün qaranlıq vaxtı, yəni saat 18:30-23:00
aralığında qeydə alınması da bunu deməyə əsas verir:
“Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, xüsusən də yağışlı və
çiskinli günlərdə, həm piyadalar, həm də sürücülər üçün bir sıra çətinliklər
yaradır.
Belə ki, bir neçə gün aramsız yağan yağış səbəbindən yollarda sürüşkənliyin
artması, görünmə məsafəsinin məhdudlaşması piyadaların vurulması ilə
nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşmür.
Təhlillər göstərir ki, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava
şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına
əməl olunmaması, sutkanın qaranlıq vaxtı əlvan geyimlərə və üzərində
işıqqaytarıcı elementləri olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz
hadisələrə gətirib çıxarır.
Bununla yanaşı, səkilərin, piyada keçidlərinin, onların konstruksiya
elementlərinin sürüşkənliyi, yaxud yağmurlu havalarda intizamsız sürücülərin
məsuliyyətsiz davranışı da piyadalar üçün ciddi çətinliklər yaradır”.
“Baş Dövlət Yol Polisi İdarəsi olaraq bir daha piyadalarımızı sutkanın
qaranlıq saatlarında və xüsusən də qeyri-sabit hava şəraitində öz həyat və
sağlamlıqlarına qarşı daha diqqətli olmağa, yol hərəkəti qaydalarına sözsüz
əməl etməyə çağırırıq”, – deyə M.Ağayev vurğulayıb.
Əzizə İsmayılova