a32d1716-b23a-4139-b88f-55ad62d40c0e..jpg

Qardaşınızı öldürüb ciyərini yeyəni bağışlardınızmı?

Baxış sayı: 1. 385 dəfə baxılıb.

Qardaşınızı öldürüb ciyərini yeyəni bağışlardınızmı?

Qan Turalı yazır…

O gün partlayan qaz balonu deyildi.

Partlayan maskalar idi.

Qorxunc sifətlər bizi dəhşətə salırdı.

O gün yanan gecə klubu deyildi.

Yanan mənəviyyatımız idi.

Hələ də tüstülənir.

O gün ölən Maya deyildi.

Ölən əxlaqımızın mayası, insanlığın mayası idi.

Gözümüzü açıb dünyanı qaranlıq görmüşdük.

Və qaz balonu bütün bu amansız həqiqətləri üzümüzə püskürmüşdü…

İndi onları irad etmək vaxtıdır…

Tanrı qarşısında, həqiqət qarşısında borcumuzdur…

***

Orta əsrlərin amansız, mərhəmətsiz və qəddar dünyasında ortaya çıxan İslam
təliminə və onun peyğəmbərinə baxın.

Ən əziz adamı, əmisi və hətta süd qardaşı Həmzə Bədr döyüşündə şəhid edildi.

Hindi adlı qadın Vəhşi ibn Ütbə adlı köləsinə Həmzəni öldürməyi tapşırdı.

Həmzə Vəhşinin mizrağı ilə şəhid oldu.

Hindi Həmzənin ciyərini çıxarıb yedi.

Ancaq müşriklərlə mübarizədə qalib gələn peyğəmbər Hindini əfv etdi.

Vəhşini də…

Gecə klubunda Allah və peyğəmbər adından ölənləri lənətləyənlərin Allahı
kimdir, görəsən?

Peyğəmbəri kimdir?

Qibləsi hayanadır?

***

Qəhrəmanı Qulliver özündən də məşhur olan Conatan Svift keşiş idi.

Onun bir cümləsi isə bəşəriyyətin yaddaşına ömürlük həkk edilmişdi:

“İmanımız bir-birimizə nifrət etməyə çatır, nəinki sevməyə”.

Hadi, o bənzərsiz şairimizin dediyi kimi…

“Bu insanlar qardaşdır, lakin yad şəklində”.

Sevgiyə yetməyən, nifrəti körükləyən iman kimə gərəkdir?

Bunu nə Allah götürər, nə bəndə…

Məbədləri bütlərlə doldurublar.

Qızıl, gümüşü yox, insanı zinət hesab edən Nəsiminin soyulan dərisinin qanı
hələ də Hələbə sızmaqdadır.

***

Avropanın Rusiya qazı ilə sınağa çəkildiyi bir zamanda bizim propan qazı
qulağımıza başqa mətləbləri pıçıldayır.

Dəhşətli faciənin qurbanlarına bu qədər nifrət haradandır?

Onlar sizin meyarlarınıza görə ideal olmaya bilərlər.

Sizdən fərqli davranışları, vərdişləri ola bilər.

Ancaq siz imanlı bir həyatı seçdiyiniz düşünürsünüz…

Əbədi Cənnət sizə vəd edilib.

Siz isə o insanlara qəzəb püskürürsünüz…

Əzabda yanacaq onlardır…

İnsan faizi-muxtardır, yəni öz əməlində azaddır.

Hər kəs öz əməllərinin qarşılığını alacaq.

Siz axirəti arzulayırsınız, onlar dünya həvəsində…

Nicata çatacaq sizsiniz…

Bəs niyə qəzəblisiniz…

Onlara görə narahatsınız, yoxsa özünüzə əmin deyilsiniz?..

“Qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar. (Rəd, 28)

Niyə rahatlıq tapmırsınız?

***

Nifrəti özünüzə yaxın qoymayın…

O birinci sizi məhv edəcək!

Source link