3e7ace3b-e536-4ae0-ab5b-70840069c80e..jpg

Qatqılardan istifadə avtomobilin yanacaq xərcini azaltmağa imkan verirmi?

Baxış sayı: 648 dəfə baxılıb.

Qatqılardan istifadə avtomobilin yanacaq xərcini azaltmağa imkan verirmi?

Nazirlər Kabinetinin ili 10 ildən yuxarı nəqliyyat vasitələrinin Azərbaycana
idxalını qadağan etməsindən sonra yeni avtomobillərin yanacaq sərfiyyatına
çəkilən xərcləri azaltmaq üçün təklif edilən vasitələrdən biri də qatqıların
istifadəsidir. Sosial mediada geniş müzakirələr açan sürücülərin bir qrupu
qatqıdan istifadəni dəstəkləsə də, digər qrupu onun xeyrindən çox zərərinin
olmasını qeyd edir. Hətta bəzi sürücülər iddia edirlər ki, qatqılar bir müddət
sonra avtomobilin yanacaq sərfiyyatını artırır.

Sürtkü yağları və qatqıları üzrə ekspert Orxan Sabiroğlu “Report”a
açıqlamasında bildirib ki, Azərbaycanda bəzi kəsimdə qatqılarla bağlı müəyyən
yanlış fikirlər formalaşıb:

“Ölkəmizdə elə bir fikir formalaşıb ki, sanki qatqılar yalnız Azərbaycanda
satılır və ancaq burada istifadə olunur. Həm benzin qatqıları, həm dizel
qatqıları, həm sistem təmizləyici qatqılar, həm də yanacağın keyfiyyətini
artıran qatqılar dünyanın bütün ölkələrində satılır.

Yəni bu istehsalçılar qlobal markalardır və dünyanın bütün ölkələrinə qatqı
satırlar. Birbaşa püskürməli yanacaq sistemi olan maşınlarda (GDI – Gasoline
Direct Injection) istifadəçi reqlamentinə görə, onların farsunkalarını sökmək
olmaz. Bəzi Avropa ölkələrində həmin problemlərin yaranmaması üçün onları
qatqılarla tənzimləyirlər. Məqsəd odur ki, sistem həmişə təmiz qalsın.

Azərbaycanda son dövrlər ən çox satılan qatqılar, yanacaq sistemi təmizləyən
və benzin mühərriklərində oktan ədədini yüksəldən, həmçinin dizel mühərrikləri
təmizləyən qatqılardır”.

Ekspertin sözlərinə görə, yüksəkoktanlı yanacaq istifadə etmək imkanı olan
sürücünün qatqı istifadə etməsi tövsiyə olunmur:

“Biz “Aİ-95” markalı benzin tələb edən maşın sürənlərə heç vaxt demirik ki,
gəlin “Aİ-92” markalı benzin və oktan artıran qatqı tökün və ya avtomobilin
yanacaq çəninə “Aİ-95”, yaxud “Aİ-98” markalı benzin tökə bilən insan mütləq
onu etsin. Tövsiyə edirik ki, hər 5-6 min km-dən bir yanacaq sistemini
təmizləyən qatqı töksünlər. Bu qatqıların da heç bir mənfi tərəfi yoxdur. Necə
olur ki, bütün dünyada istifadə edilir və ziyanı olmur, amma bizim ölkədə
istifadə ediləndə ziyanlı olur.

Xüsusən də dizel mühərrikli avtomobillərin sürücülərinə bunu şiddətli şəkildə
tövsiyə edirik. Çünki bizdə dizel yanacağının seçim imkanı yoxdur. Ölkəmizə isə
2015-2016-cı ilin dizel mühərrikli avtomobilləri gəlir. Hansı ki, onlar da
qatqısız işləmir. Qatqı qatmayanda isə sistemdə müəyyən problemlər,
qeyri-müntəzəmliklər yaranır. Qatqının istifadə edilməsi yanacağın avtomobilə
verdiyi ziyanı bir qədər azaltmaq məqsədi daşıyır”.

Ölkəyə sürtkü yağları və qatqıların idxalı və satışı ilə məşğul olan Arif
Məmmədov isə qeyd edir ki, səhv qatqının seçilməsi avtonəqliyyat vasitəsinin
müəyyən hissələrinin sıradan çıxmasına səbəb ola bilər:

“Oktanı artırmaq və sistemi yumaq üçün variantlar çoxdur. Onlardan ən çox
yayılmışı kerosin və həlledici (çözücü) tərkibli qatqılardır. Bu qatqıların
adından da görünür ki, işi çözməkdir. Təbii ki, belə olan halda qatqılar
sistemə zərər verir. Adi sınaq üçün avtomobildə istifadə edilən hansısa rezini
çözücü olan qaba atsaq 24 saata parçalanacaq.

Amma tanınmış və brend qatqı istehsalçıları qatqıları xüsusi laboratoriya
şəraitində hazırlayırlar və ona müəyyən temperatur həddi müəyyən edilir. Yəni
məsələn müəyyən edilir ki, yanacaq çəninə tökülən qatqılar 300 dərəcə
temperatura çatmamış onun çözücülük funksiyası işə düşmür. Amma digər
qatqıların bir hissəsinin adi “rastvoritel” kimidir. Onu istifadə edəndən bir
neçə ay sonra benzin pompası fəaliyyətini dayandırır.

Oktan artırmaq üçün indi istifadə edilən ən sadə üsul kerosinin içinə qurğuşun
qatmaqla olur. Amma bu zərərli vasitədir. Onu daimi istifadə etmək tövsiyə
edilmir. Amma bu sahədə ixtisaslaşmış şirkətlərin məhsullarının üzərində daimi
istifadə üçün yararlılıq yazılır”.

Ekspert sürücülərə daha çox Avropa istehsalı olan qatqıların alınmasını
tövsiyyə edir:

“Bu gün sürücülərə oktan ədədinin artıcısı daha çox yanacaqdoldurma
məntəqələrində (YDM) təklif edilir. Həmin maddələr də Türkiyə istehsalıdır və o
qədər də keyfiyyətli deyil.

Qatqı alarkən ilk olaraq onun qablaşdırmasına, xüsusən də onun ağzının
bütövlüyünə fikir vermək lazımdır. YDM-lərin 90%-də bunlar yenidən doldurma
olur.

İkinci növbədə istehsal müəssisəsinə fikir vermək lazımdır. Çalışmaq lazımdır
ki, Avropa ölkələrindən birində istehsal edilən qatqı alınsın. Digər
əhəmiyyətli məsələ isə təyinatı üzrə olan qatqının alınmasıdır. Ola bilər ki,
avtomobildə təzyiqli forsunka (GDI) olsun, amma ona sadə forsunka üçün olan
qatqı əlavə edilərsə, bu, sistemin sıradan çıxmasına səbəb ola bilər. Onun üçün
də qatqının texniki parametrlərini oxumaq lazımdır.

Mən özüm dəfələrlə sınaq məqsədilə YDM-lərdə maraqlanmışam və görmüşəm ki,
orada çalışanların bir çoxu qatqıların və avtomobillərin xüsusiyyətlərini
bilmir.

Bu baxımdan tövsiyə edirəm ki, qatqılar mütləq rəsmi satış yerlərindən
alınsın. Çünki həmin yerlərdə çalışanlar ixtisaslaşmış kadrlardır”.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, qatqıları
alan zaman uyğunluq sertifikatı tələb edilməlidir:

“İlk olaraq sürücü bilməlidir ki, qatqını hansı məqsəd üçün: yəni sistemi
təmizləməyə, yoxsa oktanı artırmağa istifadə edəcək. Digər vacib amil odur ki,
qatqı alınarkən satıcıdan uyğunluq sertifikatı tələb edilməlidir. Əgər
sertifikat olmazsa, həmin məhsulu almaq tövsiyə edilmir. Çünki sonradan həmin
qatqının vuracağı zərər xeyrindən daha çox ola bilər.

Həmçinin qatqını istifadə etməzdən öncə qablaşmanın üzərindəki xüsusi
təlimatla tanış olub ona uyğun hərəkət etmək lazımdır. Bu baxımdan tövsiyə
olunur ki, belə məhsullar rəsmi servislərdən alınsın. Çünki burada olan ustalar
və mütəxəssislər hansı qatqının hansı məqsəd üçün istifadə edildiyini yaxşı
bilirlər. Ona görə də birmənalı olaraq usta məsləhəti olmadan qatqı və
əlavələrin alınıb kortəbii şəkildə avtomobildə istifadəsi yolverilməzdir”.

Source link