af678570-6cde-412f-8db1-58bd39305e37..jpg

Qaxda Müslüm Maqomayevin atasının dükanı olan “İçəribazar” – FOTO

Baxış sayı: 886 dəfə baxılıb.

Qaxda Müslüm Maqomayevin atasının dükanı olan “İçəribazar” – FOTO

Qax qalasını İlisu sultanı Adı-Görklü bəy XVI əsrdə tikdirib. Bugünkü Qax
şəhəri məhz tarixi mərkəz sayılan həmin qalanın içində böyüyərək müasir görkəm
alıb.

Müdafiə məqsədilə tikilən Qax qalasını XVIII əsrdə Nadir şah Əfşarın qardaşı
İbrahim xan Car-Balakənə səfəri zamanı bərpa etdirib. 1738-ci ildə İbrahim xan
Car üsyançıları tərəfindən öldürüldükdən sonra Qax qalasının rəisi hərbçilərlə
birlikdə qalanı tərk edib və qala İlisu hakimlərinin nəzarəti altına keçib.

Çar Rusiyası 1844-cü ildə İlisu sultanlığını işğal etdikdən sonra strateji
baxımdan əlverişli olan və indiki Qax şəhərinin mərkəzində yerləşən qala
kompleksi rus əsgərlərindən ibarət qarnizonun yerləşmə məntəqəsinə çevrilib.
İlisu sultanlığı ləğv edildikdən sonra qalada bir müddət general-mayor Burnonun
komandanlığı altında olan qarnizon yerləşdirilib.

Çay daşları və əhəng məhlulu ilə tikilmiş qalanın içərisində yaşayış binaları,
müxtəlif emalatxanalar, dükanlar və bazar olub. Elə buna görə də yerli əhali
qalanın əhatə etdiyi daxili ərazini indi də “İçəribazar” adlandırırlar.

Yerli və xarici turistlərin ən çox marağına səbəb olan tarixi bir məkana
səyahət edirik.

Bizim.media xəbər verir ki, Qax şəhərinin bu qədim tarixi məhəlləsində
yaradılan “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi rayona gələn qonaqlar üçün əsl
istirahət məkanına çevrilib.

Turistlər “İçəribazar” kompleksi ilə tanış olarkən qədim memarlıq nümunələrini
heyranlıqla seyr edirlər.

Tikinti və yenidənqurma işləri zamanı “İçəribazar” küçəsindəki fərdi evlərin
dam örtükləri yenilənib, darvaza, pəncərə, tavan, sütun, balkonlarda sürahilər
və digər hissələr taxta materialdan yüksək zövqlə yenidən işlənib. Küçə boyunca
qədimiliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin
diqqətini daha çox çəkib. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı
kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da
insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq
ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Kompleksin ərazisində mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik
tamaşaçı tutumu olan yaşıl teatr üçün sahə ayrılıb, sənətkarlar üçün 10
emalatxana, o cümlədən, tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı,
təndirxana inşa olunub.

Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli
sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri,
ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir
xalçalar nümayiş etdirilir.

Görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd
kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib. 1902-ci ildə Qori
seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əsasən,
dahi bəstəkar Üzeyir Hacıbəyli ilə birgə burada olub, ata yurdunu ziyarət edib.

Source link