c60d9c59-c2f4-47a5-b7b7-c8d181d4a526..jpg

Qayınata gəlinini yataq otağında öldürdü: “Ya boşan, ya da…” – ŞOK TƏFƏRRÜAT

Baxış sayı: 806 dəfə baxılıb.

Qayınata gəlinini yataq otağında öldürdü: “Ya boşan, ya da…” – ŞOK TƏFƏRRÜAT

Daşkəsən rayonunda 1964-cü il təvəllüdlü Salman ailə münaqişəsi zəminində
1993-cü il təvəllüdlü gəlini Naziləni (adlar şərti verilib – red.) qətlə
yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi ötən il avqustun
22-də baş verib. Salman fərdi yaşayış evinin yataq otağında gəlini Naziləyə
mütəmadi olaraq anasının İmişli rayonunda yerləşən evinə gedərək anası və
bacısı ilə birlikdə bir müddət qalmasını irad bildirib.

Onların arasında mübahisə yaranıb. Nazilənin təhqir edərək söyüş söyməsindən
əsəbiləşib. Bıçaqla gəlinin boğazını kəsməyə cəhd edib.

Nazilənin qışqırıq səslərinə otağa daxil olmuş yetkinlik yaşına çatmayan
nəvəsinin gözləri qarşısında ona 10 bıçaq zərbəsi vurub. Qadın aldığı
xəsarətlərdən dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci
(xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya
təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ittiham
üzrə özünü qismən təqsirli bilib. O deyib ki, özünü Cinayət Məcəlləsinin
120.2.2 və 120.2.4-cü maddələri ilə deyil, Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Salmanın sözlərinə görə, gəlininin bacısı Səbinə və anası Gülgəz mütəmadi
olaraq müxtəlif bəhanələrlə Naziləni evlərinə apardıqları üçün həmişə
aralarında narazılıq olub:

“Onlar Naziləyə özlərinin baxacaqlarını deyirdilər. Dəfələrlə onu öz evlərində
saxlayıblar. Nazilənin yaşadığı Daşkəsən rayonundakı evin şəraitinin pis
olduğunu səbəb gətirirdilər. Nazilənin oğlum Sərxanla Bakı şəhərində
yaşamalarını istəyirdilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Nazilə və oğlu Sərxan bir neçə ay Bakı
şəhərində kirayədə qalıblar:

“Sonra Nazilənin kirayədə qalmasına razı olmadıq və onu yenidən öz evimizə
gətirdik. Nazilənin bacısı Səbinə bir neçə dəfə ailə quraraq boşanıb. Son
zamanlar tanımadığım hərbi qulluqçu ilə qeyri-rəsmi birgə yaşayırdı. Mən də bu
səbəbdən Nazilənin tez-tez atasıgilə getməyindən, ailəmin adına ləkə gətirəcək
hərəkət etməsindən narahat olurdum”.

Salman deyib ki, sonuncu dəfə Səbinə Sərxana zəng edərək anasının
xəstələndiyini, Nazilənin gəlməli olduğunu bildirib:

“Səbinə ilə telefonda özüm danışdım və yalan dediyini anladım. Səbinə isə
mənimlə kobud danışdı, Naziləni göndərməyimi istədi. Sərxan Naziləni anasıgilin
yaşadığı evə apardı. Növbəti gün Sərxanla telefonda əlaqə saxladım. Oğlum
Nazilənin anasının sağlam olduğunu, Səbinənin yalan danışdığını dedi.

Mən Sərxana Naziləni gətirməyi tapşırdım, amma anası və bacısı buna razı
olmadılar”.

Salman qeyd edib ki, daha sonra Sərxan Bakı şəhərində kirayədə yaşadıqları evə
gedib:

“Nazilə isə anası və bacısı ilə İmişli rayonunda qaldı. Təxminən iki ay anası
və bacısı ilə birlikdə yaşadıqdan sonra yenidən Bakı şəhərinə Sərxanın yanına
getdi. 2022-ci ilin avqustun 19-da birgə kəndə gəldilər.

Avqustun 22-də səhər saatlarında Naziləni həyətdən evə çağırdım. “Ananla bacın
bizi aldadaraq səni evlərinə apardılar, ya birdəfəlik boşan, ya da ananın evinə
getməyinə son qoy” dedim. Mübahisə zamanı Nazilə mənə söyüş söydü. Mən də
əsəbiləşərək mətbəx bıçağı götürdüm və Naziləyə zərbələr endirdim. Vurduğum
birinci zərbəni xatırlayıram, digərlərini isə özümü itirdiyimdən xatırlamamışam.

Hadisədən sonra Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng
edərək gəlinimi öldürdüyümü dedim. Bu zaman nəvəm mənim danışığımı eşitdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Naziləni vurarkən evdə heç kimin olmayıb,
hadisəni heç kim görməyib, nəvələri digər oğlu Vaqifin evində olublar.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Gülgəzin sözlərinə görə,
Sərxanla ailə həyatı qurduqdan sonra qızı Nazilə ilə çətinliklə əlaqə saxlayıb:

“Nazilənin mobil telefonu olmayıb. Onunla ancaq Sərxanın və ya övladlarının
mobil telefonu vasitəsilə əlaqə saxlamışam. Biz telefonla danışan zaman həmişə
Sərxanın ailə üzvləri Nazilənin yanında olublar. Yaşadıqları evin şəraiti yaxşı
olmadığı üçün Nazilə Sərxanla birlikdə ayrı evdə yaşamaq istəyib. Amma Sərxanın
atası buna razı olmayıb. Bu səbəbdən Nazilə mütəmadi olaraq Sərxan və Salman
tərəfindən döyülüb”.

Gülgəz qeyd edib ki, 2022-ci ilin martın əvvəllərində mobil telefonla danışan
zaman Nazilə Salmanın onu möhkəm döydüyünü və huşunu itirdiyini deyib:

“Bundan sonra Səbinə mənim istəyimlə Naziləyə zəng etdi, yalandan mənim xəstə
olduğumu dedi və Nazilənin bizə gəlməsini istədi.

Sərxan Naziləni yaşadığınız evə gətirdi. Bundan sonra Sərxana Nazilənin ya
bizim evimizdə qalacağını, ya da birlikdə ayrı evdə yaşayacaqlarını dedim.

Sərxan da Nazilə ilə birlikdə Bakı şəhərində kirayədə yaşayacaqlarına söz
verdi. Nazilə təxminən 15 gün bizdə qaldıqdan sonra Sərxan yenidən gəldi.
Naziləni Bakı şəhərinə kirayədə qaldığı evə apardı. Onlar 2022-ci ilin avqustun
19-da övladlarının sənədlərinin düzəlməsi üçün Daşkəsən rayonundakı kəndə
gediblər. Avqustun 22-də, günorta saatlarında bacımgildə olarkən bibim oğlu
mənə zəng etdi, Nazilənin öldüyünü dedi”.

İş üzrə şahid qismində ifadə verən Sərxanın sözlərinə görə, baldızı Səbinə və
qaynanası Gülgəz arvadı Naziləni tez-tez müxtəlif bəhanələrlə İmişli
rayonundakı evlərinə apardıqları üçün aralarında narazılıqlar olub:

“Baldızım Səbinə yüngül həyat tərzi keçirdiyindən Nazilənin onunla ünsiyyətdə
olmasını istəməmişəm. Sonuncu dəfə Səbinə zəng edərək anası Gülgəzin
xəstələndiyini, ölüm ayağında olduğunu, Naziləni görmək istədiyini dedi. Atam
Səbinə ilə danışanda onun yalan dediyini başa düşdü, bizim ailəmizdən uzaq
durmağı tapşırdı. Onların arasında telefonda mübahisə oldu.

Naziləni anasının yaşadığı evə apardım, onun ciddi xəstələnmədiyini gördüm.
Nazilə mənə Səbinənin yalan söylədiyini, onu gətizdirmək üçün oyun
oynadıqlarını dedi. Mən də bu barədə atama danışdım, Nazilə təxminən 15 gün
anasına məxsus evdə yaşadıqdan sonra Xırdalan şəhərinə mənim yanıma gəldi”.

Sərxan qeyd edib ki, avqustun 19-da övladlarının sənədlərini məktəbə təqdim
etmək üçün Daşkəsən rayonuna qayıdıblar:

“Hadisə baş verən gün evdə olmamışam. Atamın Naziləni öldürdüyünü kəndə
qayıdanda bilmişəm. Sonradan qardaşım oğlundan hadisə barədə soruşdum. O,
hadisə vaxtı evin həyətində olduğunu, Nazilənin qışqırdığını eşitdiyini, daha
sonra bizə məxsus yataq otağına girəndə atamın Naziləni bıçaq zərbələri
vurduğunu gördüyünü dedi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Salman 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Source link