Qayınata kürəkənini söydü: Bir gün sonra maşınını yandırdı, həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncədə qayınatasının avtomobilinin üzərinə benzin tökərək yandıran şəxs həbs
edilib.
“Qaynarinfo”nun məlumatına görə, hadisə 14 mart tarixində şəhərin Yeni Gəncə
yaşayış massivində qeydə alınıb.
1988-ci ildə Daşkəsən rayonunun Çanaxçı kəndində anadan olmuş Cavid Ələsgərov
(ad-soyad şərti) 1968-ci il təvəllüdlü qayınatası F.Ələsgərovun VAZ markalı
maşınını yandırıb. Cavid Ələsgərov saxlanılıb və barəsində İnzibati Xətalar
Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, qayınatası ilə mübahisəsinin
səbəbi mənzil qeydiyyatı ilə bağlı olub. Qayınatası ona qarşı ailəsinin yanında
nalayiq ifadələr işlədib, bu ona pis təsir edib, bir gün cavab verməyib,
əsəblərini cilovlamaq qərarına gəlib. Lakin hirsi soyumayıb və acığını
qayınatasının avtomobilindən çıxıb. Cavid Ələsgərov əməlindən peşman olduğunu
bildirib və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Cavid Ələsgərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci
maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib
və 10 gün müddətində inzibati tənbeh növündə həbs edilib.