Qazax görüşünün çəkdiyi “qırmızı xətlər” – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 30-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan
baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında sərhəd delimitasiyası
üzrə dövlət komissiyalarının beşinci görüşü keçirildi. Görüşün məkanı
Qazax-İcevan sərhədi seçilmişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı
məlumata əsasən, tərəflər bir sıra təşkilati və prosedur məsələləri nəzərdən
keçiriblər. Eyni zamanda, komissiyalar arasında iclasların, birgə işçi
görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq
razılaşdırılıb.
“Kaspi”
qəzeti görüş barədə məqalə dərc edib:
Səkkiz kəndin qaytarılması reallığı
Yayılan rəsmi məlumatdan yola çıxaraq qeyd edə bilərik ki, Azərbaycanla
Ermənistan arasındakı sərhədlərin xəritə üzərində dəqiqləşdirilməsi üçün
konstruktiv bir masa qurulmasına cəhd olunur. Bu, özlüyündə
Azərbaycan-Ermənistan sülh müqaviləsi proqramının “sərhəd cəbhəsi”ndəki dəqiq
qaydaları və müəyyən ediləcək rejimi “qırmızı xətlər” nəzərə alınaraq təsvir
edir.
Lakin bu “qırmızı xətlər”i Ermənistanın təyin etmək iqtidarı yoxdur, bütün
iplər və rıçaqlar Azərbaycanın əlindədir. Bu mənada görüş yerinin Qazax
seçilməsi bir neçə açıq qalan məsələ üzrə həlli əhatə etmək gücündədir.
Azərbaycan məramlarına çatmaq üçün “A” variantı kimi diplomatik-siyasi
potensialını xərcləyir. Bakının “A” seriyalı prioritetində dayanan budur ki,
heç bir toqquşma olmadan Qazaxın yeddi kəndi (Bağanis Ayrım, Xeyrimli, Aşağı
Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı) və Naxçıvan
ərazisindəki Kərki kəndinin siyasi müzakirələr yolu ilə geri qaytarılması təmin
edilsin.
İrəvanın Bakının bu şərtinə hansı məzmun və forma ilə cavabı maraqlıdır, təbii
ki, söhbət burada şifahi bəyanatlardan yox, məhz praktiki olaraq atılacaq
addımlardan gedir.
Azərbaycan əməli müstəvidə İrəvanın öhdəliklərindən qaçması təcrübəsini nəzərə
alaraq Ermənistanın qeyd edilən mövzu ilə əlaqədar hiyləgər manevr imkanlarını
basdırmaqda qətiyyət göstərir.
Bununla belə, Azərbaycan regional teatrda Ermənistanın da sağlam əsaslarla yer
alması üçün təkliflər paketini təqdim edir. Bakının təzyiqləri yalnız İrəvanın
revanşist ritorikasına qarşı yönəlir.
Sərhəd boyunca hər hansı qara nöqtələrin varlığı qəbuledilməzdir
Azərbaycanın təzyiqlərinin sərhədlərlə bağlı səhnəsi bu xüsusda
əhəmiyyətlidir. Çünki sərhəd təhlükəsizliyinin təmini birbaşa ölkədə daxili
ictimai-siyasi tərəqqiyə, iqtisadi diversifikasiyalara müsbət təsir göstərərək
onları daimi əsaslı möhkəmləndirir.
Azərbaycanın bununla əlaqədar ölçüləri Ermənistanın sərhəd boyunca mümkün
təxribatlarını əhatə edəcək niyyətlərinə qarşı uzaqmənzilli aparatların
təkmilləşdirməsini tələb edir. Çünki sərhəd boyunca hər hansı qara nöqtələrin
varlığı Azərbaycanın strateji maraqları ilə ziddiyyət təşkil edir və kənar
qüvvələrin bölgədə geosiyasi təsir alətləri yaratmaq bacarıqları hələ ölməyib.
Ümumilikdə isə, sərhədlərin təhlükəsizliyi prioritetləri Azərbaycanın
perspektivlə əlaqədar genişmiqyaslı strateji planının bir hissəsini əhatə edir.
Azərbaycan sərhədlərin dayanıqlı etibarlı müdafiəsini təmin etməkdən ötrü
delimitasiya kontekstini bir neçə istiqamətin içərisində inkişaf etdirir.
Sərhədlər boyunca nişanlanma qaydaları tərtib edilməlidir
Birincisi, nəzərə alaq ki, delimitasiya tək Laçın, Kəlbəcər, Qubadlı,
Zəngilanı deyil, həm də, Naxçıvanın, Tovuzun, Qazaxın, Gədəbəyin, Daşkəsənin
Ermənistanla sərhəd zolağını əhatə etməlidir. Deməli, hərbi nöqteyi-nəzərdən
sərhədlər boyunca nişanlanma qaydaları tərtib edilməlidir.
İkincisi, Azərbaycan, sərhədlərin təhlükəsizliyi zonasını Zəngəzur dəhlizi
layihəsinin strateji məqsədləri ipindən ayrı tutmur. Bunun özü də Bakının
müdafiə qüdrəti üçün nə qədər böyük hədəf qoyduğunu göstərir.
Üçüncüsü, Azərbaycan Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri dönüşünü
reallaşdırmaqdan ötrü sərhədlərlə əlaqədar bəzi mübahisələri alternativ
variantlarla həll etmək çağırışlarını icra edir.
Dördüncüsü və mürəkkəblik dozasına görə ən problemli məsələlərdən biri
Azərbaycanın Ermənistandan təhlükəsizlik zonası tələb etməsidir. Hərçənd son
zamanlar bu, rəsmi formada o qədər də gündəmə gətirilmir, lakin arxa planda da
deyil.
Deyə bilərik ki, sərhədlərin delimitasiyasının təhlükəsizliklə
əlaqələndirilməsi komissiyalardan gərgin qrafik və sıx müzakirələr tələb edir.
Buna görədir ki, komissiyalar növbəti müzakirələr üçün razılıq əldə ediblər,
bundan sonra aparılacaq danışıqlar tərəflərin sülh müqaviləsinin sərhəd
bəndləri üzrə qərarlarını müəyyən edəcək.
Azərbaycan dəqiq mövqe tələb edəcək
Azərbaycan çox güman ki, nəzərdə tutduğu hədəfləri Ermənistana daha açıq
formada çatdıracaq və İrəvandan sülh, təhlükəsizlik üçün rəsmiləşən mövqe tələb
edəcək. Delimitasiyanın hansı xəritələr üzərində aparılması barədə fikirlərə
gəlincə, burada Azərbaycan tərəfindən bir neçə dəfə gündəmə gətirilən mövqelərə
diqqət yetirmək lazımdır.
Ermənistanın şansları isə azdır, çünki onun effektiv və əhəmiyyətli mübarizə
metodologiyası yoxdur. Bunu böyük bir gümanla, Ermənistan hakimiyyətindəki
“parlaq zəka sahibləri” də anlayırlar. Bu baxımdan proqnozlaşdırmaq mümkündür
ki, İrəvan ən azından yaxınmüddətli perspektivdə Azərbaycanın şərtlərinin bir
qisminə “hə” deyəcək.