Qazax rayonunda iki KOB dostu fəaliyyətə başlayıb – FOTO

Baxış sayı: 508 dəfə baxılıb.

Qazax rayonunda iki KOB dostu fəaliyyətə başlayıb – FOTO

Azərbaycanın “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində və Qazax
Gənclər Evində fəaliyyət göstərəcək KOB dostları sahibkarlara idxal-ixrac
əməliyyatları və gömrük prosedurları ilə bağlı informasiya, məsləhət və hüquqi
yardım, rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların
investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək
göstərəcək.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, Qazax rayonunda sahibkarlıq fəaliyyətinin qurulmasına və
inkişafına dəstək məqsədilə iki KOB dostu fəaliyyətə başlayıb. KOB dostları
Azərbaycan Respublikasının “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində
və Qazax Gənclər Evində fəaliyyət göstərəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri
Orxan Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov və Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qırmızı Körpü” gömrük-sərhəd
buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostunun xidmət pəncərəsi ilə
tanış olublar.

Məlumat verilib ki, mikro, kiçik və orta sahibkarlar gömrük xidmətlərindən
istifadə edən zaman “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində
fəaliyyət göstərən KOB dostuna müraciət etməklə idxal-ixrac əməliyyatları,
gömrük rəsmiləşdirilməsi və prosedurları ilə bağlı informasiya, məsləhət,
hüquqi yardım kimi xidmətlərdən istifadə edə biləcəklər. KOB dostunun “Qırmızı
Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyəti həmçinin, KOB-ların
müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin
iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ həll olunmasına
imkan verəcək.

Qeyd edək ki, bu, Dövlət Gömrük Komitəsinin xidməti ərazisində Bakı şəhərindən
sonra KOB dostunun sayca ikinci xidmət pəncərəsidir. Bundan əvvəl 2019-cu ildə
Bakı Baş Gömrük İdarəsində KOB dostunun xidmət pəncərəsi fəaliyyətə başlayıb.

Sonra Qazax-Tovuz iqtisadi rayonunda KOBİA və Qazax Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı, bölgədə fəaliyyət göstərən dövlət qurumlarının iştirakı ilə
sahibkarlarla görüş keçirilib. Görüş çərçivəsində Qazax rayonu üzrə KOB dostu
rayonun biznes ictimaiyyətinə təqdim edilib.

KOBİA-nın İdarə Heyətinin sədri O.Məmmədov qeyd edib ki, Qazax Gənclər Evində
fəaliyyət göstərəcək KOB dostu ofisi bölgədə sayca altıncı ofisdir. Qazaxla
yanaşı, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuzda da KOB dostu ofisləri fəaliyyət
göstərir. Ümumilikdə isə, Qazax rayonu da daxil olmaqla KOB dostu ofisləri
ölkənin 45 şəhər və rayonunu əhatə edir. KOBİA sədri Agentliyin fəaliyyəti və
KOB dostunun işi barədə sahibkarlara ətraflı məlumat verib. Bildirilib ki, KOB
dostu Qazaxda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud
bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri
çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes
subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və
onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq
tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB
dostu ilə fəal əməkdaşlığa dəvət edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı R.Babaşov çıxışında KOB dostlarının
bölgədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında, eləcə də
“Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən istifadə edən
sahibkarlara dəstək olacağını bildirib.

Tədbirdə KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi
dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar
cavablandırılıb.
Tədbir iştirakçıları Qazax Gənclər Evində yerləşən KOB dostu ofisində
sahibkarlar üçün yaradılmış şəraitlə də tanış olublar.

Qazax rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri plastik yeşiklərin
istehsalı, plastik tullantıların emalı və istixana təsərrüfatından ibarət
müəssisənin, eləcə də elektronika və məişət avadanlıqlarının satışı mərkəzinin
fəaliyyəti ilə tanış olublar.

Source link