Qazax sakini qətlə yetirilib – TƏFƏRRÜAT + YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxda baş verən qətlin bəzi təfərruatı məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, hər iki şəxs arasında bir həftə əvvəl
mübahisə yaranıb. Həmin gün onlar sakitləşdirilib.
Həmin şəxslər aralarında düşən mübahisəni həll etmək üçün bu gün görüşüblər.
Bu zaman Rəşad Məhərrəmov həmyerlisi Kənan Cəfərovu bıçaqlayıb.
İlkin məlumata görə, mübahisəyə səbəb Kənan Cəfərovun Rəşad Məhərrəmovun
ünvanına nalayiq ifadələr işlətməsi olub.
Qeyd edək ki, hər iki şəxs eyni binanın sakini olub.
22:02
Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan
bildirilib ki, saat 20 radələrində Qazax Rayon Polis Şöbəsinə rayon sakini
1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici alətdən aldığı xəsarətlərdən
ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə
yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov
aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Cəfərovun qarın
nahiyəsinə bir neçə zərbə vurmaqla qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
qətli törətməkdə şübhəli bilinən R.Məhərrəmov şübhəli şəxs qismində
saxlanılaraq istintaqa təhvil verilib.
İlhamə Əbülfət