Qazaxda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində
təhlükəsizliyin təmin olunması məqsədi ilə agentliyin müfəttişləri Qazax
rayonunun Xanlıqlar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Vidadi
Məmməd oğlu Bədəlova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama
aparıblar.
Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün
təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma
məntəqəsində istismar olunan bir ədəd tutumun istismar müddətinin bitdiyi, tam
texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu
qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və
insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye
qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən
dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir
nüsxəsi sahibkara təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi ilə profilaktik
söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan
qaldırılması üçün müvafiq tövsiyələr verilib.