c54f497d-19a8-4f24-afbc-551ea5c7729e..jpg

Qazaxıstan ambisiyalı layihələrlə Rusiyadan asılılığa son qoymaq istəyir – “Kaspi”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 1. 123 dəfə baxılıb.

Qazaxıstan ambisiyalı layihələrlə Rusiyadan asılılığa son qoymaq istəyir –
“Kaspi”nin TƏHLİLİ + FOTO

Qonşu dövlət Xəzər regionunda nəqliyyat qovşağına çevrilmək niyyətindədir. Bu
məqsədlə Birləşmiş Ərəb Əmirlikləri ilə Xəzər dənizində birgə donanma
yaradılacaq. Qazaxlar bu layihəyə neft ixracında Rusiyadan asılılığa son
qoyacaq şans kimi baxırlar. Rusiyalı ekspertlər isə layihənin reallaşmasının
real olmadığı qənaətindədirlər.

Mövzu ilə bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Enerji resurslarının nəqli üçün alternativ yollar axtarışında olan Qazaxıstan
ambisiyalı layihələr həyata keçirməkdə davam edir. Qonşu dövlət Mərkəzi Asiya
və Xəzər regionunda tamhüquqlu nəqliyyat qovşağına çevrilmək niyyətində
olduğunu açıq şəkildə bəyan edir. Ölkə prezidenti Kasım-Jomart Tokayev
Əbu-Dabidə səfərdə olarkən bu planlardan birini açıqlayıb. Bu planın
reallaşmasında Astanaya Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və bu ölkənin dünyaca
məşhur “Abu Dhabi Ports” şirkəti kömək edəcək. BƏƏ-nin qeyd olunan şirkəti
Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti ilə birlikdə Xəzər dənizində tanker və
ticarət donanması yaradacaq və iri neft-qaz layihələri ilə işləyəcək. Bəs bu
planın hədəfi nədir? Bəlli olduğu kimi, Rusiyanın Ukraynaya təcavüzündən sonra
Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar açıq da olmasa,
dolayısı ilə Rusiya ilə əməkdaşlıq edən ölkələri də hədəfə alır. Qazaxıstan da
sanksiyaların yaratdığı reallıqlarda alternativ yollar axtarır.

Əbu-Dabi limanlarının təcrübəsindən istifadə arzusu

Qeyd edək ki, “Abu Dhabi Ports Company (ADPC) BƏƏ-də liman sənayesi və
logistika operatorudur. Şirkət BƏƏ və Qvineyada 11 limana sahibdir və onları
idarə edir. KMG İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və ADPC-nin rəhbəri
Məhəmməd Əl-Şamisi Qazaxıstan prezidentinin BƏƏ-yə səfəri çərçivəsində
Əbu-Dabidə görülən işlərin təfərrüatlarını müzakirə ediblər. Şirkət rəhbərləri
dəniz və sahilboyu yükdaşımaları sahəsində ikitərəfli əməkdaşlığın
perspektivlərindən danışıblar. Tərəflər Xəzər dənizində iri dəniz neft-qaz
layihələrinə xidmət göstərmək üçün əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər.
“Şirkətlərimiz arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması birgə
əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək. Bu saziş çərçivəsində
cari ildən başlayaraq Qazaxıstanın investisiya layihələrində fəal iştirak
edəcək birgə müəssisə yaradılır. Biz Qazaxıstanda dəniz neft-qaz yataqlarının
işlənməsi layihələrinə və nəqliyyat-logistika layihələrinə xidmət göstərməkdə
Əbu-Dabi limanlarının təcrübəsindən istifadə etməyə ümid edirik”, – deyə
Mirzəqaliyev bildirib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Abu Dhabi
Ports Group”un Xəzər dənizində dəniz və liman infrastrukturunun inkişafı
planlarını və KMG ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını alqışlayıb.
Dövlət başçısı qeyd edib ki, Qazaxıstan Mərkəzi Asiya və Xəzər regionunda
tamhüquqlu nəqliyyat qovşağına çevrilmək niyyətindədir və nəqliyyat
marşrutlarının şaxələndirilməsi üzərində işləyir. “Ölkəmiz xüsusilə Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutunu və Şimal-Cənub Nəqliyyat Dəhlizini fəal şəkildə
inkişaf etdirir”, – deyə Tokayev vurğulayıb.

Qazax neftinin ixracı üçün alternativ marşrutlar

Məsələ ondadır ki, bir müddət əvvəl Qazaxıstan olduqca ağır vəziyyətə
düşmüşdü. Rusiya qazax neftinin ixracı ilə bağlı əngəllər yarada biləcəyini
nümayiş etdirmişdi. Rəsmi Astana bu səbəbdən də indi neftinin alternativ
marşrutlarla ixracına nail olmağa çalışır. Bu məqsədlə hətta Azərbaycanın
enerji boru kəmərlərinin imkanları araşdırılmağa başlayıb. Əgər rəsmi Astana bu
vəziyyətdən ən az itki ilə çıxmağı bacarsa, Kremlin ona qarşı təzyiq vasitəsi
kimi yararlandığı daha bir faktordan xilas olmaq şansı qazanacaq. Yuxarıda qeyd
edilən razılaşmaya əsasən, tərəflər Qazaxıstan neftinin ixracı üçün alternativ
marşrutların inkişafını nəzərə alaraq Xəzər dənizindəki layihələri dəstəkləmək
üçün donanma (müxtəlif tipli kiçik ölçülü gəmilər), habelə Aktau limanı
vasitəsilə Azərbaycan istiqamətində hərəkət edəcək tanker donanması
yaradacaqlar. Hər iki tərəf ticarət donanmasının yaradılması imkanlarını da
araşdıracaq. Tokayevin sözlərinə görə, 2025-ci ilə qədər Aktau limanında
konteyner qovşağı tikiləcək ki, bu da konteyner daşımalarının həcmini
artırmalıdır. Proqnozlara görə, bu layihələrin icrası ilə Qazaxıstanın dəniz
limanları ilə konteyner daşımalarının həcmi 5,4 dəfə artacaq. İndi Qazaxıstanın
dəniz limanlarının gücü ildə təxminən 21,2 milyon tondur. Kurık limanında
çoxfunksiyalı Sarja dəniz terminalının tikintisi planlaşdırılır.

Rusiya layihədən narahat olub?

Rusiya mediası dərhal layihəyə şübhə ilə yanaşıb. Düzdür, qeyd olunur ki,
Qazaxıstanın bu nəqliyyat dəhlizini aktivləşdirməyə çalışması başadüşüləndir.
“Amma Əmirliklər külli miqdarda pul yatırsa belə, çətin ki, pul qazansın”, –
deyə rusiyalı ekspert Aleksandr Knyazev bildirib. O hesab edir ki,
infrastruktura milyardlarla dollar sərmayə qoyulsa belə, bu, Rusiya ərazisindən
enerji daşıyıcılarının və ya əmtəə axınının tranzitinə alternativ olmayacaq.
Lakin ekspert vurğulayıb ki, “İrandan dəmir yolu ilə, Özbəkistandan isə BTQ
vasitəsilə Türkiyənin Mersin limanına yönləndirilə bilən kiçik əmtəə axınları
üçün bir istisna var”.

Xəzər Strateji Araşdırmalar İnstitutunun regional layihələr üzrə direktoru
Yuri Solozobov isə bildirib ki, Moskvanın Xəzərdə Şimal-Cənub dəhlizinin
inkişafı strategiyası var: “Azərbaycandan keçən qərb marşrutu perspektivli
istiqamətdir və inkişaf edəcək dəniz yolu var. Bu gəmilərin tikintisi və
limanların yenidən qurulması üçün yüksək xərclər nəzərdə tutur. Bütün Xəzəryanı
ölkələrdən yalnız Azərbaycan və Türkmənistan liman təsərrüfatının yenidən
qurulmasına nail olublar. Qazaxıstan səylər göstərdi, lakin bunlar kifayət
deyil”.

Source link