Qazaxıstan diqqət mərkəzində: Tokayev isə tarazlığı məharətlə saxlayır –
“KASPİ”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xarici siyasətdə məharətlə tarazlıq
saxlayır, hamını razı salmağa çalışır. Ölkə Qərbin Rusiyaya qarşı
sanksiyalarını dəstəkləyir, eyni zamanda paralel idxalı qurmaqla onlardan yan
keçməyə çalışır.
Mövzuyla bağlı “Kaspi
” qəzetinin məqaləsini təqdim edirik.
Mərkəzi Asiya regionu əksər dövlətlərin diqqət mərkəzindədir. Regiona yaxın və
uzaq xarici ölkələrindən səfərlərin ardı-arası kəsilmir. Bölgədə onun
karbohidrogen ehtiyatları uğrunda mübarizə start götürüb. Xarici ölkələrin
hədəfləri bəllidir, nəyin bahasına olursa-olsun Rusiyanı, hətta Çini bölgədən
sıxışdırıb çıxarmaq. Rusiya isə əksinə, regionu öz orbitində saxlamağa çalışır.
Ukraynada müharibə başladıqdan sonra Moskvaya münasibət bir qədər fərqlənir.
Kremlə qarşı tətbiq olunan sanksiyalar Mərkəzi Asiya ölkələrini çətin duruma
salıb.
Putinin Qazaxıstana qəfil səfəri müzakirə mövzusudur
Bütün bunların fonunda Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfər
etməklə çoxsaylı müzakirələrə səbəb olub. O, uzun illərdir ki, bu ölkəyə səfər
etmirdi. Son vaxtlar çox nadir hallarda xarici ölkələrə gedən Putinin bu səfəri
Fransa Prezidenti Emmanuel Makronun Mərkəzi Asiya səfərindən, eləcə də Türk
Dövlətləri Təşkilatının, əsasən hərbi əməkdaşlığın müzakirə edildiyi
sammitindən bir neçə gün sonra baş tutub. Son illər qazax lideri Qərbə yönəlik
uğurlu gedişləri ilə seçilir, Fransa prezidentini qəbul edir, ölkəsinin
Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcəyini bəyan edir. Prezident Kasım-Jomart
Tokayev açıq şəkildə bəyan edib ki, qondarma Donetsk və Luqansk
respublikalarını tanımayacaqlar. Çox güman ki, Putinin qəfil səfəri də bu və
digər narahatlıqlardan irəli gəlir. Səfər zamanı ikitərəfli münasibətlərin pik
həddə çatdığı, ölkələr arasında əməkdaşlığa problem yaradacaq heç bir qüvvənin
olmadığı xüsusi vurğulansa da, reallıq heç də belə deyil.
Qazaxıstan Qərb dünyası ilə hərtərəfli münasibətləri inkişaf etdirməkdədir. Bu
baxımdan hesab etmək olar ki, Rusiya lideri bu səfərində istədiyinə nail ola
bilməyib. Bunu sübut edən tək bir fakt – səfərdən az sonra Qazaxıstanda
Rusiyanın ən böyük təbliğat vasitələrindən birinin fəaliyyətinə xitam verilib.
Bloklanan rus kanalları
Qazaxıstan hakimiyyəti səfərdən az sonra ölkə ərazisində Rusiyanın “Sputnik24”
saytını bloklamaq qərarına gəlib. Bildirilib ki, bloklama yerli hakimiyyət
orqanları tərəfindən respublika ərazisində lisenziyasız şərti giriş kartları və
avadanlıqları haqqında məlumatların yayılması ilə əlaqədar həyata keçirilib.
Qeyd edilir ki, “Sputnik24” saytı “Rossiya 1”, “Rossiya 24”, Birinci Kanal, NTV
və “Russia Today” kanallarına baxışı təmin edirdi. Bundan əvvəl Qazaxıstanda
bir sıra internet resurslarının bloklanması ilə bağlı qərarlar qəbul edilib. Bu
sırada Rusiyanın “Tsargrad” telekanalının saytı da olub. Sayt “ekstremizmin
təbliğatına” görə bloklanıb. Qazaxıstanın informasiya naziri Darxan Kıdırali
Rusiyanın “Tsarqrad” telekanalının saytının informasiya təhlükəsizliyi ilə
bağlı bloklandığını bildirib.
Astana balansı ustalıqla qoruyur
Rus mediasında dərc olunan məqalələrdə vurğulanır ki, Rusiya ilə Qazaxıstan
arasında dostluq və etimad dövrü keçmişdə qalıb. Tokayev məharətlə tarazlıq
saxlayır, hamını razı salmağa çalışır – Qərbin Rusiyaya qarşı sanksiyalarını
dəstəkləyir, eyni zamanda paralel idxalı qurmaqla onlardan yan keçməyə gizli
köməklik göstərir. Rusiyayönümlü siyasilərin qənaətincə, indi Tokayev üçün əsas
olan Qərbi razı salmaqdır. Rusiya prezidenti ilə keçirilən son görüş də
Qazaxıstanın hansı tərəfdə olduğunu açıq şəkildə nümayiş etdirib. Ölkələr
arasında münasibətlər indi son dərəcə qeyri-müəyyəndir. Tokayev bu yaxınlarda
Rusiya və Ukrayna arasındakı münaqişədən danışıb, lakin bunu çox diqqətlə edib
və “bütün ölkələrin ərazi bütövlüyünü” dəstəkləməyin zəruriliyindən danışıb.
Bu, Qazaxıstanın Rusiyanın hərəkətlərini pislədiyinə işarədir.
Tokayev açıq-aydın Moskvanın təsirindən çıxmağa çalışır. Ölkədə demək olar ki,
bütün məmurlar rus dilində danışsalar da, prezident qazax dilində danışmağa
qərar verib.
Mərkəzi Asiya niyə önəmlidir?
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qazaxıstan ABŞ və Norveçdən sonra
Avropanı yanacaqla təmin edən üçüncü ixracatçıya çevrilib. Bundan əlavə,
Qazaxıstan dünyanın ən zəngin uran ölkəsidir. Uran Avropanın enerji bazarında
xüsusi rol oynayır. ABŞ Prezidenti Cozef Baydenin bu ilin sentyabrında tarixdə
ilk dəfə Mərkəzi Asiya dövlətlərinin liderləri ilə Vaşinqtonda forum təşkil
etməsi bu regionun Ağ Ev üçün də xüsusi əhəmiyyət daşıdığını göstərdi. Bayden
“C5+1” adı verilən görüşü “illərdir qurulan yaxın əlaqələr üçün tarixi an”
adlandırmışdı. Enerji ehtiyacının 60 faizini Atom Elektrik Stansiyaları
hesabına təmin edən Fransa üçün Qazaxıstanın əhəmiyyəti həm də bu ölkənin
uranla zəngin olması ilə əlaqəlidir. İllərdir ki, Fransa urana olan ehtiyacının
böyük hissəsini Qazaxıstanın hesabına ödəyir. “Uranla zəngin olan və Fransanı
təmin edən ikinci ölkə Nigerdə baş vermiş hərbi çevrilişdən sonra rəsmi Paris
üçün Qazaxıstanın önəmi daha da artıb”, – deyə BBC yazır. Fransanın
Qazaxıstanla yaxınlaşması fonunda Rusiyaya yönəlik verdiyi mesajları əsas
gətirən BBC Kreml rəhbərinin Astana səfərini Avropa İttifaqının Mərkəzi Asiyada
nüfuzunun güclənməsindən narahat olması ilə əlaqələndirir.
Görünən odur ki, Qazaxıstan yaxın perspektivdə Rusiyanın xüsusi narahatlıq
keçirəcəyi bölgələrdən biri olacaq.