Qazaxıstan rəsmisi: “SPECA proqramını davamlı dəstəkləyirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qazaxıstan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramını (SPECA) davamlı və güclü dəstəkləyir”.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın iqtisadiyyat nazirinin müavini
Abzal Abdikarimov Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun
qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda
bildirib.
“Bu tədbir bizə SPECA çərçivəsində əməkdaşlığımızı gücləndirməyə,
ticari-iqtisadi əlaqələrimizi inkişaf etdirməyə əlavə təkan verəcək. Qazaxıstan
SPECA -ya öz töhfəsini verir. Biz bu proqramı unikal platforma kimi görürük.
Onun sayəsində milli təşəbbüslər bir araya gəlir, regional səylər
birləşdirilir. Qlobal ailə kimi maneələri aradan qaldıra bilərik. Dayanıqlı
İnkişaf Məqsədlərinə (DİM) nail olmaq bizim iqtisadiyyatımızın əsasını təşkil
edir. Bu gün biz dayanıqlı inkişafa böyük sərmayələr yatırırıq, büdcəmizin
80%-ni buna yönəldirik. Biz həmçinin pulsuz təhsil və səhiyyəyə çıxışı təmin
edirik. Biz dayanıqlı inkişafa nail olmuşuq”, – deyə o qeyd edib.
“Biz təklif etmişik ki, vahid BMT prinsipi gücləndirilsin və uğurlu
əməkdaşlıqlar qurulsun. Çünki Mərkəzi Asiya ölkələrinin ümumi tarixi –
geosiyasi tarixçəsi var və onlar DİM-ə nail olmaq üçün oxşar baxışlarla
üzləşir”, – deyə Qazaxıstan rəsmisi əlavə edib.
SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan,
Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın
məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına
inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya sədrliyi Azərbaycan həyata
keçirir.