Qazaxıstan və Özbəkistan Azərbaycanın iştirakı yaradılacaq enerji dəhlizlərinə
qoşulmaq istəyirlər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yaşıl enerji” sahəsi üzrə reallaşdırılan layihələr elektrik enerjisinin
istehsalı və ixracı potensialının genişləndirilməsinə imkan yaradır, elektrik
enerjisinin Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli
üçün geniş perspektivlər açır.
Bu barədə Bakıda keçirilən Azərbaycan Respublikası, Özbəkistan Respublikası və
Qazaxıstan Respublikasının iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə
Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin
ixracı perspektivlərinin müzakirəsi ilə bağlı üçtərəfli görüşdə bildirilib.
Qeyd olunub ki, Azərbaycan neft, neft məhsulları və təbii qazın ixracı ilə
yanaşı, uğurlu elektrik enerjisi təchizatçısıdır.
“Üç ölkənin bərpa olunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü
siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin
təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Azərbaycan Gürcüstan, Rumıniya
və Macarıstanla birgə dörd Qvt elektrik enerjisinin ixracına imkan verəcək
Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir.
Daha bir Qvt “yaşıl” enerjinin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli
nəzərdə tutulub”, – məlumatda deyilir.
Görüşdə bildirilib ki, Qazaxıstan və Özbəkistanın bu dəhlizlərə çıxış əldə
etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafını, yaşıl hidrogen,
ammonyakın istehsalı və təchizatı üzrə əməkdaşlığı möhkəmlənləndirəcək, Orta
Dəhliz çərçivəsində enerji təhlükəsizliyi və “yaşıl layihələr” üzrə
tərəfdaşlığı gücləndirəcək.
Tərəflər bərpa olunan enerji mənbələrinin geniş istifadəsinin tətbiqi və
generasiya güclərinin genişləndirilməsinə əsaslanan dayanıqlı inkişafın
alternativsizliyini qeyd edərək, iqtisadi inkişaflarına xələl gətirmədən
karbonsuzlaşma ilə bağlı birtərəfli və birgə səylərini davam etdirəcəklərini
vurğulayıblar.
Müzakirələr zamanı müxtəlif sferalarda, o cümlədən energetika sahəsində birgə
fəaliyyət və tərəfdaşlıq üzrə uğurlu təcrübə qeyd olunub. Tərəflər Azərbaycanın
region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin
koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz
elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində
qarşılıqlı səyləri təqdir ediblər.
Nazirlər ölkələrin bərpa olunan enerji üzrə potensialını qeyd edərək,
alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin Avropaya ixracı ilə
bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu kontekstdə
Azərbaycanın enerji sisteminin inteqrasiyasından sonra Qara dənizin dibi ilə
yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi imkanlarının
araşdırılmasına maraq ifadə olunub.
Nazirlər “yaşıl” enerjinin ötürülməsi üzrə layihənin inkişafının iştirakçı
ölkələrin energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri
möhkəmləndirəcəyini, həmçinin milli energetika sənayelərinə yeni impuls
verəcəyini vurğulayıblar.
Görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. İqtisadiyyat və energetika
nazirləri səviyyəsində növbəti görüşün Özbəkistanın Daşkənd şəhərində
keçirilməsi gözlənilir.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət başçılarının
5-ci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirakının Azərbaycan və Mərkəzi
Asiya ölkələri arasında qardaşlıq münasibətlərinin əhəmiyyətli göstəricisi
olduğu qeyd edilib.
Bildirilib ki, Qazaxıstan və Özbəkistan şirkətləri işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən layihələrdə iştirak edirlər. Özbək xalqı adından
Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb inşa edilib. Bu şəhərdə
Qazaxıstan tərəfindən Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi layihəsi həyata
keçirilir.