Qazaxıstanda Mirzoyanın abidəsi yoxa çıxıb

Qazaxıstanda Mirzoyanın abidəsi yoxa çıxıb

Baxış sayı: 2. 070 dəfə baxılıb.

Mayın 18-i gecə saatlarında Aktobe şəhərində 1933-1938-ci illərdə Qazaxıstanın rəhbəri olmuş Levon Mirzoyanın abidəsi götürülüb. 

ÇıxışYolu.Com xəbər verir ki, şəhərin baş arxitektoru Tanat Şeqebayev ideoloji baxımdan köhnəlmiş abidənin götürülmədiyini, yerinin dəyişdirildiyini deyib. 

Onun sözlərinə görə, abidə restavrasiyaya göndərilib, bundan sonra onun yerli parklardan birində yerləşdirilməsi planlaşdırılıb. 

“Parkdakı ilk prezidentin abidəsinin yerləşdiriləcəyi ərazidə tarixi zonanın yaradılması da nəzərdə tutulub. Orada ideoloji baxımdan köhnəlmiş bütün abidələr – Leninin, Frunzenin, Mirzoyanın heykəlləri yerləşdiriləcək”, – Şeqebayev bildirib. 

O, abidənin gecə saatlarında götürülməsi məsələsinə münasibət bildirməyib. 

Mirzoyanın abidəsi Aktobe şəhərinin böyük küçələrinin kəsişdiyi hissəsində, 1997-ci ildə ucaldılıb. 

Qeyd edək ki, Levon Mirzoyan 1897-ci ildə Azərbaycandakı kəndlərdən birində doğulub. “Daşnaysütyun” partiyasının üzvü kimi bir çox qanlı cinayətlərin, o cümlədən 1918-ci ildə Bakıda və Azərbaycanın digər şəhərlərində törədilən hadisələrin təşkilatçısı və icraçısı idi. 

Mirzoyan həmçinin, 1930-cu ildəki kütləvi represiyalarla əlaqəli olub. Rusiya dövlət arxivində 1937-ci il dekabrın 1-də Mirzoyanın Stalinə yazdığı teleqram saxlanılır. Teleqramda Mirzoyan respresiyaya məruz qalan insanların sayının 1600-dən çox olmasını xahiş etmişdi.

www.ÇıxışYolu.Com