Qazaxıstanın Aktau şəhərində Heydər Əliyevlə bağlı elmi konfrans keçirilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxıstanın Aktau şəhərində yerləşən Yessenov Universitetində “ümummilli
lider Heydər Əliyevin türk dünyasının möhkəmləndirilməsində rolu” mövzusunda
elmi konfrans keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
“Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Beynəlxalq münasibətlər və turizm”
kafedrasının birgə təşkilatçılığı və Azərbaycanın Aktau şəhərindəki Baş
konsulluğunun dəstəyi ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Aktau
şəhərindəki Baş konsulu Sabri Alptekin, Azərbaycandan gələn qonaqlar,
universitetin müəllimləri və tələbələri iştirak ediblər.
Yessenov Universitetinin prezidenti Berik Ahmedov çıxışında Qazaxıstanla
Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb, Heydər Əliyevin
qardaşlıq münasibətlərinin inkişafına töhfələr bəxş etdiyini vurğulayıb.
Konfransda Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elçin
Məmmədov, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova, “Azərbaycan Mərkəzi”
İctimai Fondunun direktoru İlkin Orucov çıxış ediblər. Heydər Əliyevi ölkəmizin
və türk dünyasının çoxəsrlik dövlətçilik tarixində unikal, dahi şəxsiyyət və
müasir Azərbaycan dövlətinin qurucusu adlandıran natiqlər onun həyat və
fəaliyyətinə diqqəti cəlb edib, ulu öndərin mühüm xidmətlərindən söz açıblar.
Elmira Axundova görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini
bölüşüb və qazax dilində “Zərifə və Heydər Əliyev – əbədi sevgi” kitabını
təqdim edib.
Sonra “Beynəlxalq münasibətlər və turizm” kafedrasının professoru Əhməd
Demeyevin “Qazaxıstan-Azərbaycan: birgə gələcəyə doğru” mövzusunda məruzəsi
dinlənilib.
Konfransdan sonra qonaqlar “Azərbaycan Mərkəzi”nin fəaliyyəti ilə tanış
olublar.