Qazaxıstanın nümayəndə heyəti SPECA həftəsi çərçivəsində keçirilən sərgi ilə
tanış olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ölkəmizdə səfərdə olan Qazaxıstanın nümayəndə heyəti Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayev və iqtisadiyyat naziri Mikayıl
Cabbarovla birlikdə noyabrın 24-də Bakı Ekspo Mərkəzində BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində
Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi:
Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” sərgisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara sərgi barədə məlumat verilib. Bildirilib ki,
sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər,
ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyanın, dayanıqlı
inkişafın təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi
abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində
həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir.
Həmçinin qeyd olunub ki, bu sərgidə Ümummilli Lider Heydər Əliyevə həsr edilən
xüsusi stend də nümayiş olunur. Burada Ulu Öndərin 100 illiyinə həsr olunmuş
videoçarx, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən 11 kitabın nüsxəsi
və markalar təqdim edilir. Bundan başqa, stenddə “AzerGold” QSC tərəfindən
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə
istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə də nümayiş
etdirilir.
Şahin Mustafayev, Mikayıl Cabbarov və qazaxıstanlı qonaqlar SPECA-nın üzv
dövlətlərinin – Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və
Özbəkistanın stendləri ilə tanış olub, stendlərdə üzv ölkələrdə istehsal olunan
məhsullara baxıblar.
Qeyd olunub ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını
nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə
etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.
Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi
potensialı ilə dünyada strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi
regiondur.
Sərginin açıq sahəsində iştirakçı ölkələr tərəfindən nəqliyyat vasitələri,
həmçinin sənaye, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər
sahələrə aid avadanlıqlar və ağır texnikalar nümayiş olunur.
Sərgi çərçivəsində Qazaxıstan nümayəndələri Azərbaycan Respublikası Baş
nazirinin müavini Şahin Mustafayevə xatirə hədiyyəsi təqdim edib. Şahin
Mustafayev qazaxıstanlı qonaqlara təşəkkürünü bildirib.